Maşının çırpıldığı ağaca çarəsizcə baxdıq…

Maşının çırpıldığı ağaca çarəsizcə baxdıq…

Millət vəkili, xalq şairi Sabir Rüstəmxanlı tanınmış tənqidçi, ictimai-siyasi xadim Aydın Məmmədovun xatirəsini (16 yanvar 1944-19 aprel 1991) 32 il öncə yazdığı bir yazını paylaşmaqla yad edib.

AzerTimes sözügedən yazını təqdim edir:

Dirilik suyu, ölümsüzlük iksiri axtaranlar dünya sərvətləri haqda xəyallarını və axtarışlarını kənara qoyub bunun sənətə və yaradıcılığa bağlı olduğunu dərk etməliydilər, çünki uzun ömür Tibet və ya Nepal kahalarında yüz, iki yüz, bəzən hətta min il canlı meyit kimi yaşamaqda deyil, daha çox fikirlərdə, yaddaşlarda yaşayıb, özündən sonrakı nəsillərin əməllərinə kömək etməkdədir…

Aydın Məmmədov haqqında sözümü niyə bu mücərrəd mülahizə ilə başladığımın səbəbi mənə tam bəlli deyil, bu da Allahın işidir və görünür, bunun da öz məntiqi var, yəni Aydının, onun kimi qəfildən gedən dostlarımızın, sənət adamlarımızın bu gün aramızda olmasalar da, yaşadıqlarına, çox canlılardan daha canlı olduqlarına inamın ifadəsidir.

Aydın adına bənzər bir təfəkkür sahibi, dil, filologiya, tarix, türkologiya, Azərbaycanı araşdırma sahələrində mənbələrə söykənən, amma yeni tərzdə görən, konyukturadan kənar, müstəqil nəticələr çıxaran, elmi düşüncə ilə ictimai düşüncə arasında qeyri-adi bir ustalıqla əlaqə yaratmağı bacaran, bu günümüzə tarix fəlsəfəsi ilə baxıb dəqiq nəticələr çıxaran bir alim idi.

Şumerşünaslıqdan başlamış çağımızın dil, filologiya və tərcümə məsələlərinə qədər geniş bir sahəni əhatə edən yaradıcılığı ilə Aydın humanitar elmimizdə, ictimai fikrimizdə pozulmaz iz qoymuşdur.

Aydını çoxdan tanıyırdım, amma tariximiz və faciələrimizlə bağlı ilk üzbəüz, açıq, ağrılı söhbətimiz zamanı gözünün dərinliyindəki mənə doğma olan kədəri görəndə hiss elədim ki, biz Aydınla dostuq… Və yəqin ki, buna bənzər bir hissi o da yaşamışdı. Hiss elədim ki, biz bu fəryadların, eyni taleyin və eyni ümidlərin dostuyuq… Bu daxili etirafdan sonra biz onunla demək olar ki, hər gün görüşürdük…

“Filologiya məsələləri” məcmuələrinin, öz kitabının nəşri zamanı baş redaktoru olduğum “Yazıçı” nəşriyyatına da tez-tez gələrdi və saatlarla söhbətləşərdik… Sonra Meydan hadisələri başlandı, Ali Sovetə bir yerdə deputat seçildik, eyni bir burulğana atıldıq… Aydın reallığa söykənən, uğur qazandıra bilən, faciələrdən yan keçən siyasətin tərəfdarı idi. Küyə gedən deyildi. Şəraiti, milli mentalitetimizi, tarixin dərslərini heç vaxt unutmurdu. Liderlik iddiasından uzaq, siyasətdə də təmənnasız, fədakar idi…

Fikirlərimizin, mövqelərimizin üst-üstə düşdüyü vaxt çox olurdu.

1988-ci ildə Meydanın vaxtında, çevik, güclü şəkildə dağılmasını, Bakıda fövqəladə vəziyyətə yol verilməməsini, əlimizin-qolumuzun bağlanmamasını istərkən, mənim məntiqimi qəbul edən və ardıcıl şəkildə məni müdafiə edənlərdən biri Aydın idi.

Bundan sonra ikimizə də çoxlu damğalar vurdular…

Qeybətlər, böhtanlar… Ədəbi taleyimizlə qazandığımız halal şöhrətə də qısqanclıq və s. Bu yükü bir yerdə daşıdıq.

Xalq Cəbhəsini birgə yaratmışdıq, amma onu bizə qarşı çevirmək istəyənlər vardı… Belə vaxtlarda Aydın bədbinləşməyə qoymurdu… “Bəyəm xalq kimin kimliyini bilmir?! Sənin təkcə “Ömür kitabı”n bir cəbhədir!..”

Qarabağa Xalq Yardımı Komitəsinin yaranmasında, “Azərbaycan” qəzetinin təsisi və buraxılışında Aydın çox fəal iştirak etmişdi; hansı yolla olur-olsun, Qarabağda yaşayan əhalimizə kömək etmək, söz əvəzinə iş görmək haqqqında düşünürdük. Həmin vaxtlarda tez-tez Ağdamda, Xankəndidə, Şuşada, Qarabağın kəndlərində olurduq, odun-alovun içində, çox vaxt ölümlə üz-üzə, amma zarafat eləyə-eləyə…

Elə fürsət gəzirdik ki, Yardımlıya, bizim dağlara da gedək, bir-iki günlüyə Şəkidə dincələk… Amma bu arzumuz gözümüzdə qaldı…

1989-cu ilin axırı, 1990-cı illərin əvvəllərində Bakıda ermənilər özləri qəsdən süni bir gərginlik yaratmışdılar: o boyda faciələrdən, yəni azərbaycanlıların sonuncu adama kimi və vəhşiliklə Ermənistandan qovulmasından sonra, üstəlik öz doğma Qarabağımızdan da sıxışdırılıb çıxarılmasını görə-görə Bakıda rahat oturmalarına inana bilmirdilər, öz-özünə xoflanırdılar. Aydın Bayılda dikin üstündə köhnə, balaca bir evdə yaşayırdı… Qonşu ermənilər hər axşam guya özlərini qorumaq üçün ehtiyatlanaraq balaca meydanda, düz Aydının qapısının ağzında tonqal çatıb dayanırdılar. Evə gec qayıdırdıq. Aydın zarafatla, “Əllərindəki baltanı görürsən, onu mənim boynum üçün hazırlayıblar. O qədər üzlərinə söyüb, başlarını xarab etmişəm ki, indi də qapımın ağzında dayanıblar”, – deyirdi. Bu, bir zarafat olsa da, içindəki gərginliyi duyurdum. Maşından düşüb, onu qapıdan içəri salıb sonra tək qayıdırdım. Bir dəfə münaqişənin ən gərgin vaxtı fürsət verməmək üçün qonşuluqdakı bir qohumlarıgilə gedəsi oldu…

Parlamentin iclaslarında Aydının böyük istedadının başqa cəhətləri də üzə çıxmışdı. Aydının vəziyyəti düzgün qiymətləndirib, vaxtında qərar vermək qabiliyyəti, sərt, təsirli, səmimi çıxışları, münaqişələri soyutmaq, milli maraqları önə çəkmək bacarığı ona həm parlamentin, həm də xalqın böyük hörmət və etibarını qazandırmışdı. Gərgin məqamlarda vəziyyəti öz aramızda pıçıltıyla müzakirə edəndə o, elə bil birdən işıqlanırdı, sel kimi axan və güclü məntiqi heyrət doğuran nitqinin anında, bədahətən doğulduğuna çoxları inan bilmirdi.

Şuşada vertolyot qəzasından xilas olub yenicə qayıtmışdılar. İclas gedə- gedə təəssüratı mənə danışdı. Çox dilxor oldum. Qarabağın getdikcə bizim nəzarətimizdən çıxması məni əsəbiləşdirirdi. “Dur gedib çay içək” – dedi. “Yox, çay istəmirəm”. “Bəs nə istəyirsən?” “İclas qurtarsən, daha tünd bir şey içərdim, ürəyim partlayır”, – dedim.

Fasilədə qoluma girdi: “Gedək Tamerlanın yanına”. Getdik. Vertolyotdan ikisi bir yerdə xilas olmuşdular… Qəzanı bəzəyə-bəzəyə danışanda birdən Tamerlan Qarayevdən soruşdu: “Bəy, soyuducuda nəyin var?” Tamerlan gülə-gülə: “Ölümdən qurtarmağım münasibəti ilə bir dostum konyak gətirib”, – dedi (“Gəncə” və ya “Şirvan” konyakı idi, bilmirəm, unutmuşam). Çıxarıb ortaya qoydu, konfet gətirdi, üç qədəh doldurdu, elə bildim məclis xətrinədir, çünki Aydın içmirdi. Amma sağ-salamat qurtardıqlarına sevincimi bildirən kimi Aydın qədəhi başına çəkdi… “Aydın, dayan, sən içmirsən axı!” – dedim. Gülə-gülə cavab verdi: “Yox, Şuşadan sonra (Aydın Məmmədovla Tamerlan Qarayevin olduğu təyyarə Şuşaya, Cıdır düzünə eniş edərkən yerə az qalmış qəzaya uğramışdı. Helikopter sıldırım qayanın bir neçə metrliyində böyrü üstə aşaraq dayanmışdı – red.) içirəm”.

Söhbətimiz uzandı. Sonra salondan zəng vurdular ki, iclas başlanır. Gedəndə Aydın yarımçıq şüşəni göstərib: “Tomik, onu soyuducuya qoy, gələn iclasda yenə sənə qonağıq” – dedi.

“Gələn” iclasa Aydın gəlmədi. Biz getdik. Qax yoluna, Şəkiyə… Düpbədüz yolda maşının çırpıldığı ağaca əlacsız-əlacsız baxdıq… Aydının məni dönə-dönə dəvət etdiyi Kiş kəndində onu doğma torpağa tapşırdıq…

1992-ci il.

Teqlər: