Azərbaycan teleməkanının ən reytinqli şousu olan “Maşın” realiti şousu başlayıb.
Realiti şouda 18 məşhur iştirak edir. Öncədən də deyildiyi kimi, onlardan 9-u əvvəlki şouların iştirakçısı olub. Digər 9 tanınmış isə əlini maşına ilk dəfə toxunduracaq.
Beləliklə, qarşıdurmada rəqqasə və aktrisa Oksana Rəsulova, prodüser Tarix Əliyev, müğənnilər Təranə Qumral, Nadir Qafarzadə, Sərxan Kərəmoğlu, Cavad Rəcəbov, Elton Hüseynəliyev, Səidə Sultan, jurnalist Vüqar Vüqarlı, aktrisa Pərvin Abıyeva, aktyorlar Fərda Xudaverdiyev, Elcan Rəsulov, İslam Mehrəliyev, Səbuhi Xanlarov, meyxanaçı Üzeyir Mehdizadə, rejissorlar Aqil M.Quliyev, Kənan Mahmudov, aparıcı Azər İsmayılov iştirak edəcək.
Layihənin rəhbəri, əməkdar artist Murad Dadaşov bildirib ki, iyunun ortasına qədər davam edəcək şouda kimin qalib olub maşını aparacağını zaman göstərəcək: “Açığı, inanmırdım ki, sona qədər bərabər olacaqlar. Nə qədər çətin işdir bu? Nə qədər mürəkkəb işdir bu qədər adamı bir araya gətirmək? Hamı gəlib. Bilir burada nə isə olacaq. Amma yenə də gəldilər. Mən sizə bir sirr açım. Məndə olan məlumata görə, çıxaracaqları adamın adını açıqlayıblar. Bir xanımı çıxarmaq istəyirlər”.
Görünür, hər gün saat 22:00-da Azad Azərbaycan Telekanalında canlı yayımlanacaq şouda tamaşaçılar gərgin mübarizənin şahidi olacaqlar.