Xəbər - Çingiz Səfərli – Trend:
Masazır gölündə suyun səviyyəsi xeyli azalıb.
Bunu AzerTimes-a açıqlamasında Milli Hidrometeorologiya Xidmətinin Hidrometeoroloji Araşdırmalar Mərkəzinin direktoru Rafiq Verdiyev deyib. O bildirib ki, bunun əsas səbəbi əvvəllər gölə axıdılan çirkab suların qarşısının alınmasıdır:
“Son illərdə Masazırda su-kanalizasiya sistemlərinin yaxşılaşdırılması duz gölünə çirkab suyun axıdılmasının da qarşısını alıb. Bu səbəbdən də suyun səviyyəsi azalıb. Təbii ki, qlobal iqlim dəyişikliyi, havaların quraq keçməsi də öz təsirini göstərir”.
Qeyd edək ki, hazırda Masazır gölü “Azərduz” İstehsalat Birliyinin ərazisindədir. Sahəsi 10 kv. kilometr olan göldən 1813-cü ildən mütəmadi olaraq duz çıxarılır. Qida duz ehtiyatları 1735 milyon ton təşkil edir. Masazır gölü uzun illər Masazır və Novxanı kəndlərinin məişət-kommunal sularının axıdılması səbəbindən çirklənməyə məruz qalıb.
Twitter: @cingizsafarli