Yağan intensiv yağışlar nəticəsində Masallı rayonu, Sərçuvar
kəndində ferma ərazisində vətəndaşın köməksiz vəziyyətdə qalması
barədə Fövqəladə Hallar Nazirliyinin “112″ qaynar telefon xəttinə
məlumat daxil olub. Məlumatla əlaqədar Nazirliyin Kiçikhəcmli
Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin müvafiq
qüvvələri dərhal hadisə yerinə cəlb olunub.
FHN Mətbuat Xidmətindən AzerTimes-a verilən məlumata görə, hadisə
yerində əməliyyat şəraiti qiymətləndirilərkən yağan güclü yağışla
əlaqədar ətraf ərazinin su basması səbəbindən vətəndaşın fermada
köməksiz vəziyyətdə qaldığı müəyyən edilib.
FHN Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət
Xidmətinin dalğıc-xilasediciləri tərəfindən görülmüş operativ və
təxirəsalınmaz tədbirlərlə vətəndaş xilasetmə qayığı ilə təhlükəsiz
əraziyə təxliyə edilərək xilas olunub.