Masallı və Cəlilabaddan insanlar belə təxliyə olundu (FOTO/VİDEO)

19 mart 2022-ci il tarixində gecə saatlarından başlayaraq
respublikanın cənub bölgəsinə yağan intensiv yağışlar nəticəsində
çaylarda və su kanallarında sululuğun artması, qısamüddətli sel və
daşqın keçməsi müşahidə olunub, Masallı və Cəlilabad rayonlarının
bir neçə yaşayış məntəqəsində bəzi fərdi evlər, həyətyanı və əkin
sahələri, digər obyektlər və onların ətrafı subasmaya məruz
qalıb.

Trend-in Fövəqladə Hallar Nazirliyinin (FHN)
saytına istinadən verdiyi xəbərə görə, yağıntıların törətdiyi
fəsadların aradan qaldırılması üçün dərhal Fövqəladə Hallar
Nazirliyinin Cənub Regional Mərkəzi, Mülki müdafiə qoşunları,
Xüsusi Riskli Xilasetmə Xidməti, Kiçikhəcmli Gəmilərə Nəzarət və
Sularda Xilasetmə Dövlət Xidməti və Dövlət Yanğından Mühafizə
Xidmətinin müvafiq qüvvə və texnikaları Masallı rayonunun Mollaoba,
Bədəlan, Təzə Alvadı, Cəlilabad şəhəri və rayonunun Bəcirəvan
kəndində xilasetmə, suçəkmə və digər təxirəsalınmaz təcili
tədbirlərin həyata keçirilməsinə cəlb olunub.

Görülmüş operativ və təxirəsalınmaz tədbirlərlə 39 nəfərin
təxliyəsi həyata keçirilib. Hazırda əməliyyat davam edir.

Fövqəladə Hallar Nazirliyi əhaliyə müraciət edərək havaların
yağmurlu keçməsi, bəzi ərazilərdə intensiv xarakter alması ilə
əlaqədar zəruri təhlükəsizlik qaydalarına riayət etməyi, o cümlədən
daşqın və sel təhlükəli ərazilərdən uzaq durmağı, bu təhlükə ilə
üzləşdikdə dərhal yaxınlıqdakı yüksəkliyə qalxmağı tövsiyə edir.
Həmçinin, xüsusilə dağlıq ərazilərdə müşahidə olunan kəskin hava
şəraiti ilə əlaqədar həmin ərazilərdə yaşayan, eləcə də dağlara
səfər edən insanlara müraciət edərək şaxtalı və çovğunlu havada
mümkün qədər yaşayış məntəqəsini tərk etməməyi, belə bir zərurət
yarandıqda hərəkət istiqaməti barədə yaxınlarını əvvəlcədən
məlumatlandırmağı, hərəkət avtomobillə olduqda avtomobilin texniki
göstəricilərinin fəslə uyğunluğunu və kifayət qədər yanacaq
ehtiyatını təmin etməyi, nabələd məkanlara yaxınlaşmamağı və belə
bir hərəkət marşrutu seçməməyi, olduqları yerlərdə xəbərdaredici və
qadağanedici nişanların tələblərinə əməl etməyi, qar uçqunu
ehtimalı olan yerlərdən, o cümlədən dik yamaclardan kənar gəzməyi,
günün qaranlıq vaxtına qalmadan yaşayış məntəqəsinə geri dönməyi
tövsiyə edirik.

Teqlər: