Mart soyqırımları və ondan sonra da azərbaycanlılara qarşı törədilən cinayətlərin qisası döyüş medaynında alınıb – Sevil Mikayılova

31 Mart soyqırımı bəşər tarixində ən qanlı faciələrdən biridir.
Bakıda soyqırımı planı hələ 1917-ci ildən “Daşnaksütyun” partiyası
və Erməni Milli Şurası tərəfindən hazırlanmışdı. Onlar dəfələrlə
müsəlmanları bolşeviklərə qarşı silahlı çıxışa təhrik etməyə cəhd
göstərmişdilər.

Bunu AzerTimes-a açıqlamasında Milli Məclisin deputatı Sevil
Mikayılova deyib.

S.Mikayılova vurğulayıb ki, ermənilər tərəfindən törədilən bu
soyqırım zamanı minlərlə insan etnik və dini mənsubiyyətinə görə
qətlə yetirildi, işgəncələrə məruz qaldı. Ermənilər meyitləri
dənizə və quyulara atırdılar ki, cinayətin izlərini itirsinlər.

“Həmin dövrün araşdırmalarından, tarixi sənədlərindən məlumdur
ki, Bakının şəhər camaatından 400 milyon manatlıq daş-qaş və əmlak
müsadirə olunmuşdu. Xalqın bir çox ziyarətgahları və tarixi
abidələri dağıdılıb yerlə-yeksan edilmişdir. Ermənilər uzaqvuran
toplarla Təzəpir məscidini zədələmişdilər. Daşnaklar Bakıda dünya
memarlığının incilərindən sayılan “İsmailiyyə” binasına od vurub
yandırmışdılar”, – deyə deputat bildirib.

S.Mikayılova qeyd edib ki, Bakı şəhərində başlanılan erməni
vəhşilikləri o zaman Azərbaycanın bütün ərazisinə yayılır, Birinci
Dünya müharibəsindən sonra davam edən yaranmış mürəkkəb şəraitdə
Azərbaycanın müxtəlif yerlərində erməni-daşnak və bolşevik
dəstələri birlikdə azərbaycanlı əhalini kütləvi qırğınlara,
soyqırıma məruz qoydular.

“Sovet hakimiyyəti dövründə təxminən 70 il xalqın qan yaddaşını
silməyə aramsız cəhdlər göstərilsə də, bu, mümkün olmadı. Mart
soyqırımları təkcə Azərbaycan tarixində deyil, bəşər tarixində ən
qanlı faciələrdən biri kimi qaldı. Müxtəlif imperialist qüvvələrin
əlində oyuncağa çevirilmiş erməni cinayətləru sistemli xarakter
almış, beləki bu soyqırım siyasəti özünü müxtəlif dövrlərdə
göstərmişdir”, – deyə o əlavə edib.

Lakin Erməni cəladlarının əsrlər boyu türk-müsəlman əhalisinə
qarşı həyata keçirdiyi soyqırımı siyasəti cavabsız qalmadı. Haqqı
tapdanılan, qətlə yetirilən, işgəncə görən dinc azərbaycanlıların
qisası döyüş meydanında alındı. 44 günlük Vətən müharibəsində
Azərbaycan Ordusu xain düşmənin cavabın bütün müharibə qaydalarına
uyğun şəkildə döyüş meydanında verdi”, – deyə o əlavə edib.

Deputat bildirib ki, 31 Mart Azərbaycan xalqının qan yaddaşıdır.
Ulu Öndər Heydər Əliyevin 26 mart 1998-ci il tarixli sərəncamı ilə
31 mart Azərbaycanlıların Soyqırımı Günü elan edilib.Bu faciənin
araşdırılması və həqiqətlərin dünyaya çatırılması işi də Ümummilli
Lider Heydər Əliyevin təşəbbüsü ilə başlanılmışdır.

“Ulu öndər Heydər Əliyevin tarixi Fərmanından ötən illər ərzində
aparılmış araşdırmalar sayəsində bir çox yeni faktlar və sənədlər
toplanıb, Quba şəhərində kütləvi məzarlıq aşkarlanıb. Üzə çıxmış
tarixi faktlar 1918-ci ilin mart-aprel aylarında və sonrakı
dövrlərdə erməni millətçilərinin həyata keçirdikləri qanlı
aksiyaların coğrafiyasının daha geniş və faciə qurbanlarının
sayının qat-qat çox olduğunu sübuta yetirir. Prezident İlham
Əliyevin 2018-ci il yanvarın 28-də imzaladığı Sərəncama əsasən,
1918-ci il azərbaycanlıların soyqırımının 100 illiyi təkcə
Azərbaycanda deyil, dünyanın bir çox guşələrində yaşayan
həmvətənlərimiz, diaspor təşkilatları, xaricdəki səfirliklərimiz
tərəfindən geniş qeyd olunub. Erməni-bolşevik silahlı dəstələrinin
102 il əvvəl azərbaycanlılara qarşı törətdikləri bəşəri cinayətlər
barədə həqiqətlərin dünya ictimaiyyətinə daha dolğun çatdırılması
məqsədilə KİV-lərdə məqalələr dərc edilir, çünki geniş
ictimaiyyətin əsl həqiqətləri bilməsi bu cür erməni cinayətlərinin
təkrarlanması üçün çox vacibdir. “, – deyə S.Mikayılova əlavə
edib.

Teqlər: