Mart soyqırımı Azərbaycan xalqının başına gətirilən ən dəhşətli faciələrdən biridir

31 Mart – Azərbaycanlıların soyqırımından 104 il keçir. 1918-ci
ilin 30 mart – 3 aprel tarixlərində Bakı şəhərində və Bakı
quberniyasının müxtəlif bölgələrində, eləcə də Qarabağ, Naxçıvan,
Şamaxı, Quba, Xaçmaz, Lənkəran, Salyan, Zəngəzur və digər
ərazilərdə Bakı Soveti qoşunlarının və daşnak erməni silahlı
dəstələrinin azərbaycanlılara qarşı soyqırımı nəticəsində rəsmi
mənbələrə əsasən on minlərlə soydaşımız məhz etnik və dini
mənsubiyyətinə görə qətlə yetirilib, yaşayış məntəqələri, tarixi
abidələr, məscid və qəbiristanlıqlar viran edilib.

Milli Məclisin deputatı Sevinc Hüseynova AzerTimes-a bildirib ki,
1918-ci il 30 martda başlayan və aprel ayının 3-ə qədər davam edən
qətliam məhz Bakı şəhərində başlamışdı.

“Həmin hadisələrə rəhbərlik edən məhz Şaumyan olub. Erməni
daşnak birləşmələri Bakı şəhərini gəmilərdən yaylım atəşinə
tutdular. Bunun ardınca isə silahlı daşnaqlar azərbaycanlıların
evlərinə hücum edərək amansız qətllər törədirdilər. Martın 30-u və
aprelin ilk günlərində qırğınar kütləvi xarakter aldı, minlərlə
dinc azərbaycanlı yalnız milli mənsubiyyətinə görə məhv edildi.
Həmin günlərdə erməni-bolşevik birləşmələri Bakıda 10 mindən artıq
azərbaycanlını qətlə yetirdilər. Dinc azərbaycanlıların qırğınında
Bakı Sovetinin 6 min silahlı əsgəri, eyni zamanda “Daşnaksutyun”
partiyasının 4 minlik silahlı dəstəsi iştirak edib. 1918-ci ilin
mart soyqırımları öz amansızlığına və miqyasına görə təkcə
Azərbaycan tarixində deyil, bəşər tarixində də ən qanlı və qəddar
faciələrdən biridir.

On minlərlə azərbaycanlı ilə yanaşı, minlərlə ləzgi, yəhudi,
rus, avar və talış milliyyətinə mənsub insanlar qılıncdan, süngüdən
keçirilərək diri-diri yandırılıb, milli memarlıq inciləri,
məktəblər, xəstəxanalar, məscid və mədəni abidələr dağıdılıb,
məscidlər və məzarlıqlar təhqir edilib”, – deyə deputat
bildirib.

S.Hüseynova vurğulayıb ki, bu soyqırımın amansızlığını
xarakterizə edən cəhətlərdən biri də ondan ibarətdir ki, daşnak
terrorçuları uşaqlara, qadınlara, qocalara qarşı amansızlıq
törətmişdilər.

“Bakıda törədilən bu qətliamlar Azərbaycanın digər bölgələrində
də davam edib. 1918-ci ilin 30 mart – 3 aprel tarixlərində Bakı
şəhərində, eləcə də Qarabağ, Naxçıvan, Şamaxı, Quba, Xaçmaz,
Lənkəran, Salyan, Zəngəzur və digər ərazilərdə Bakı Soveti
qoşunları və daşnak erməni silahlı dəstələri 30 mindən çox
azərbaycanlını qətlə yetirib, 10 minlərlə insanı öz torpaqlarından
qovublar.

Bununla yanaşı 1918-1919-cu illərdə təkcə Qubada ermənilər
tərəfindən 3 minə qədər yəhudi qətlə yetirilib.

O zaman Azərbaycan Xalq Cümhuriyyəti tərəfindən bu cinayətləri
araşdırmaq üçün xüsusi bir komissiya yaradılıb. Ancaq bu hadisələrə
ilk siyasi qiyməti Ulu öndər Heydər Əliyev verib. Azərbaycan
xalqına qarşı törədilmiş bütün soyqırım faciələrini qeyd etmək
məqsədi ilə 1998-ci il martın 26-da Ulu Öndər Heydər Əliyev
“Azərbaycanlıların soyqırımı haqqında” Fərman imzalayıb və yerli
tarixçilərə bu hadisələrin araşdırılması tapşırılıb.

Ulu öndər Heydər Əliyevin layiqli davamçısı olan Prezident İlham
Əliyev 2009-cu ildə Qubada törədilmiş soyqırımı faktı olan kütləvi
məzarlıq üzərində “Soyqırımı memorial kompleksi“nin yaradılmasına
qərar verib və 2013-cü ildə sentyabrın 18-də həmin kompleks açılıb.
Bu tədbirlərin görülməsi erməni faşizminin ifşası və həqiqətlərin
beynəlxalq ictimaiyyətə çatdırılması üçün böyük əhəmiyyətə malik
olan təşəbbüslərdir.

Bu gün biz xüsusi qürurla onu deyə bilərik ki, vaxtilə xalqımıza
qarşı törədilmiş soyqırımların, qətlə yetirilmiş insanların qanı
yerdə qalmamış və Müzəffər Ali Baş Komandan İlham Əliyevin
rəhbərliyi ilə qüdrətli ordumuz 44 günlük vətən müharibəsi zamanı
xalqımıza qarşı 2 əsr boyunca törədilmiş qətliamların qisasını alıb
və torpaqlarımız işğaldan azad edilib”, – deyə deputat əlavə
edib.

Milli Məclisin deputatı Cavid Osmanov isə AzerTimes-a açıqlamasında
bildirib ki, üç gün davam edən qırğın zamanı erməni silahlıları
bolşeviklərin köməyi ilə azərbaycanlıların yaşadıqları məhəllələrə
qəflətən basqınlar edib, uşaqdan böyüyədək hər kəsi qətlə
yetiriblər. Mart soyqırımları zamanı Şamaxıda törədilən cinayətlər
xüsusilə diqqət cəlb edir. Belə ki, Şamaxının 72 kəndində ermənilər
tərəfindən 7 min nəfərin, o cümlədən 1653 qadın və 965 uşağın
öldürdüyü bildirilir. Bu faciənin tədqiqi məqsədilə 1918-ci il
iyulun 15-də yaradılmış Fövqəladə İstintaq Komissiyası tərəfindən
həmin dövrdə Şamaxı qəzasındakı 120 kəndin 86-sının erməni
təcavüzünə məruz qaldığı təsdiqlənib.

Ötən əsrin 90-cı illərindən etibarən yerli tədqiqatçılar
tərəfindən aparılan bir sıra araşdırmalardan sonra müəyyən edilib
ki, erməni cinayətkarları Şamaxı şəhərində təqribən 14-16 min, onun
40 kənd və obasında 6-8 min nəfəri qətlə yetiriblər. Şamaxı
qəzasından didərgin düşənlərin sayı isə 18 min nəfərdən çox olub” –
deyə deputat bildirib.

O qeyd edib ki, ermənilərin kütləvi soyqırımı törətdikləri digər
bir bölgə isə Quba olub ki, burada öldürülənlərin təxmini sayının
2900-dək, Quba qəzası üzrə ümumilikdə isə 4000 nəfərdən artıq
olduğu qeyd olunur. Soyqırımı nəticəsində Quba qəzasının 122 kəndi
tamamilə dağıdılıb, 2750-dən çox ev tamamilə yandırılıb”, – deyə
deputat bildirib.

O əlavə edib ki, erməni-bolşevik silahlı dəstələrinin 1918-ci
ildə azərbaycanlılara qarşı törətdikləri bəşəri cinayətlər barədə
həqiqətlərin ölkə və dünya ictimaiyyətinə daha dolğun çatdırılması
məqsədilə Prezident İlham Əliyev 2018-ci il yanvarın 18-də “1918-ci
il azərbaycanlıların soyqırımının 100 illiyi haqqında” Sərəncam
imzalayıb.

“Sərəncama əsasən Azərbaycan Respublikası Prezidentinin
Administrasiyası tərəfindən 1918-ci il azərbaycanlıların
soyqırımının yüzüncü ildönümünə həsr olunmuş tədbirlər planı
hazırlanıb həyata keçirilib, həmçinin Milli Məclisdə soyqırımının
100 illiyi ilə bağlı xüsusi iclas baş tutub”, – deyə C.Osmanov
əlavə edib.

Teqlər: