Malayziyanın nüfuzlu nəşrlərindən olan “Utusan Malaysia” qəzetinin peşəkar jurnalisti Taqib Şaker 31 mart “Azərbaycanlıların Soyqırımı Günü” ilə əlaqədar geniş məqalə ilə çıxış edib. “Onlar etnik, dini mənsubiyyətlərinə görə öldürüldülər” başlıqlı məqalə qəzetin 30 mart 2021-ci il tarixli buraxılışında dərc olunub.
Azərbaycan Respublikasının Malayziyadakı Səfirliyindən AzerTimes-a verilən məlumata görə, Malayziyalı jurnalist qeyd edib ki, 1918-ci ildə erməni daşnak qüvvələri tərəfindən paytaxt Bakı və Azərbaycanın bir sıra digər yaşayış yerlərində azərbaycanlılara qarşı etnik təmizləmə aparılıb. Müəllif burada bəzi vacib tarixi hadisələrə aydınlıq gətirib. Belə ki, XIX əsrdə neft sənayesinin inkişafı nəticəsində Bakı ermənilər üçün cazibə mərkəzinə çevrilmiş, artıq XX əsrin əvvəllərində xeyli sayda erməni Bakıda məskunlaşmağa fürsət tapmışdı. 1905-1907 Birinci rus inqilabından sonra radikal erməni Daşnaksütyun partiyası milliyyətçilik ideyalarını yaymağa çalışaraq, öz məşum “Böyük Ermənistan” arzularını reallaşdırmağa cəhd etmişlər. Bu proses Bolşevik inqilabından sonra daha açıq müstəviyə keçmişdir.
Müəllif vurğulayıb ki, bolşeviklər tərəfindən Zaqafqaziya komissarı vəzifəsinə təyin edilən daşnak Stepan Şaumyanın rəhblərliyində daşnak-bolşevik silahlı dəstələri 1918-ci ildə on minlərlə günahsız azərbaycanlını etnik və dini mənsubiyyətlərinə görə qətlə yetiriblər. Qətliam faciəsi Bakı ilə yanaşı, Şamaxı, Quba, İrəvan, Zəngəzur, Qarabağ və Naxçıvan kimi ərazi vahidlərində törədilib. Sitat: “Erməni terrorçuları tərəfindən törədilən qəddarlıqların qurbanı təkcə azərbaycanlı müsəlmanlar deyildi. Azərbaycanlı yəhudilər də amansızca qətlə yetirilib. 2007-ci ildə Quba şəhərində aşkarlanan kütləvi məzarlıq ermənilərin qeyri-insani münasibətinin bariz nümunəsidir”.
Erməni terrorçuların törətdiyi cinayətlərin təhqiqatı ilə bağlı həmin illərdə Azərbaycan Xalq Cümhuriyyətinin hökuməti tərəfindən təhqiqat işinə start verildiyini vurğulayan T.Şaker Xalq Cümhuriyyətinin süqutundan sonra bu prosesin dayandırıldığını qeyd edib. Müəllif bildirib ki, yalnız 80 il sonra – 1998-ci il martın 26-da ümummilli lider Heydər Əliyev tərəfindən bu qətliama siyasi qiymət verilmiş, Ulu Öndərin imzaladığı fərmanla 31 mart “Azərbaycanlıların Soyqırımı Günü” elan edilmişdir.
Malayziyalı jurnalist 1918-ci il qətliamları ilə bağlı hər il Azərbaycan Xarici İşlər Nazirliyinin bəyanat verdiyini, bu bəyanatlarda Ermənistan tərəfindən azərbaycanlılara qarşı aparılmış soyqırımı siyasətinin, insanlıq əleyhinə cinayətlərin, diskriminasiya və etnik təmizləmə cəhdlərinin kəskin şəkildə pislənildiyini nəzərə çatdırıb. O, həmçinin qeyd edib ki, XX əsr boyunca ermənilər və azərbaycanlılar arasında baş verən çoxsaylı silahlı toqquşmalar nəhayət 2020-ci ildə Azərbaycanın qələbəsi ilə nəticələnib.