Xəbər - Fərid Zöhrabov – Trend:
Uzun illər ən soyuq aylardan biri hesab olunan fevral ayı bu il
mülayim isti keçərək, xüsusən də son həftəsində, yaz havası ilə
fərqlənib.
Trend xəbər verir ki,
bunu Milli Hidrometeorologiya Xidmətinin rəisi Umayra Tağıyeva
bildirib.
Onun sözlərinə görə, fevralın 1-dən 28-dək havanın orta sutkalıq
temperaturu 8.2 dərəcə isti olub ki, bu da iqlim normasından 4
dərəcə yüksəkdir. Belə göstəricilərlə, bu ilin fevral ayı son 70
ildə ən isti fevral ayı olub.
Xidmət rəisi qeyd edib ki, ay ərzində ən yüksək temperatur
fevralın 9-da 19 dərəcə isti olub ki, bu da iqlim normasından 9
dərəcə yüksəkdir. Ən minimal temperatur isə fevralın 6-da 1.7
dərəcə qeydə alınıb. Fevralın 13-də isə Bakıda şimal-qərb küləyinin
maksimal sürəti 25 m/s -ə çatıb: “Ötən illərlə müqayisədə bu il
fevralda yağıntı xeyli az düşüb. Düşən yağıntının miqdarı Bakıda və
Abşeron yarımadasında 3 mm (aylıq normanın 14 faizi), Qazax-Gəncə
zonasında 1-5 mm (aylıq normanın 2-22 faizi), Qarabağ zonasında
12-16 mm (aylıq normanın 40-45 faizi), Balakən-Şəki zonasında 3-22
mm (aylıq normanın 8-73 faizi), Mərkəzi Aran zonasında 2-13 mm
(aylıq normanın 6-62 faizi), Lənkəran-Astara zonasında 40-51 mm
(aylıq normanın 39-84 faizi) qeydə alınıb”.
U.Tağıyevanın sözlərinə görə, mart ayının ilk günlərində iqlim
normasından yüksək temperatur rejimi davam edəcək, birinci
ongünlüyün ikinci yarısı isə hava qeyri-sabit keçəcək.