Məlumatlandırma imkanlarının daha da yaxşılaşdırılması məqsədi
ilə “Google Maps”in nəqliyyat komandası ilə də danışıqlar
aparılır.
Bakı Nəqliyyat Agentliyindən (BNA) AzerTimes-a verilən məlumata görə,
sərnişinlərin marşrut xətləri ilə bağlı zəruri məlumatlarla təmin
edilməsinin xidmət keyfiyyətinin artırılması baxımından
əhəmiyyətini nəzərə alaraq, bu istiqamətdə ardıcıl tədbirlər
görülür.
“Bu çərçivədə 2017-ci ildə
alo141.az saytı istifadəyə verilib. Multifunksional portala
daxil olan istifadəçilərin paytaxtın nəqliyyat sistemi, o cümlədən
də müntəzəm marşrut xətləri ilə bağlı məlumatları əldə etmək imkanı
vardır.
“Necə getməli” bölməsinə daxil olmaqla səfərləri əvvəlcədən
planlaşdırmaq mümkündür. Bunun üçün gediş planına uyğun olaraq, A
və B nöqtələri qeyd edilir. Buna əsasən, xəritə üzərində A və B
nöqtələri arasında məsafəni piyada, hansı avtobusla və ya metronun
yaşıl və ya qırmızı xətti ilə gediləcəyi, dayanacaqların sayı,
ictimai nəqliyyatda istifadə olunacaq zaman, eyni zamanda
istifadəçinin şəxsi minik avtomobili ilə necə getməli olduğu və
sərf edəcəyi zaman göstərilir.
Avtobuslar bölməsində isə istənilən marşrutun nömrəsini seçməklə
xəritədə həmin marşrutun getdiyi yolu, əsas dayanacaqları və xəttin
uzunluğunu görmək olar.
Məlumatlandırma imkanlarının daha da yaxşılaşdırılması məqsədi
ilə “Google Maps”in nəqliyyat komandası ilə də danışıqlar
aparılır”, – BNA bildirib.