Markesi Azərbaycan oxucusuna ilk tanıdan tərcüməçi

Markesi Azərbaycan oxucusuna ilk tanıdan tərcüməçi

Azərbaycan bədii tərcümə sənətinin yaradıcılarından olan ustad qələm sahibi Natiq Səfərovun anadan olmasının 80-сi ildönümüdür.

Natiq Səfərov sözü, bədii mətni iliklərinəcən hiss edən, ədəbiyyatın daxili mexanizminə dərindən bələd olan tərcüməçi idi.

Tərcümə sənətində böyük xidmətləri olmuş Natiq müəllim bu sənətin əsas prinsiplərini bilirdi, sözün məsuliyyətini dərk edirdi, tərcümə etdiyi mətni bütün hüceyrələrinə qədər hiss edirdi. Dilimizin məna çalarlarını, harmoniyasını canı ilə, qanı ilə hiss edirdi və bu sevgi onun tərcümələrində də aşkar şəkildə görünür.

Oljas Süleymenovun bütün dünyaya səs salmış, qədim türk kültürünün rus dilinə, rus mədəniyyətinə təsirindən bəhs edən “Az i Ya” əsəri məhz onun peşəkar tərcüməsində Azərbaycan oxucusuna yetişib.

Natiq Səfərov Folkner və Markesi Azərbaycan oxucusuna ilk tanıdan tərcüməçilərdən olub. Uilyam Folknerin “Yanğın” və “Qırmızı yarpaqlar”, Qabriel Markesin “İsabel Makondada yağışa baxır”, “Baltasarın həyatında unudulmaz gün”, “Dünyanın ən gözəl ölüsü” hekayələri Azərbaycan oxucusunun dünya ədəbiyyatı ilə bağlı üfüqlərini genişləndirib, ədəbi zövqünün formalaşmasında rol oynayıb.

Natiq Səfərovun tərcümələri ədəbi dühaların siqlətiylə bərabər dilimizin imkanlarını da hiss etdirir. Eləcə də Andrey Platonov, Con Steynbek, İlya İlf və Yevgeni Petrov, Knut Hamsun, Vasili Şukşin, Aleksandr Çxeidze və başqa söz ustalarından çeviriləri tərcümə sənətinin parlaq nümunələrindəndir.

Ömrünün son illərdə Robert Dahlın məşhur “Demokratiya haqqında” əsərini dilimizə çevirib.

Onu da qeyd edək ki, ustad tərcüməçinin 80 illiyi ilə bağlı “Sözə Natiqlik” kitabı nəşrə hazırlanıb. Kitabda unudulmaz söz adamı haqqında qələm dostlarının, doğmalarının, oxucuların xatirələri toplanıb.

Teqlər: