Qarabağı Ermənistanla birləşdirən yolda Azərbaycan keçid məntəqəsini yaradıb. Bakı bu addımın legitimliyində israr edir və bunu İrəvandan Xankəndiyə silah təchizatı kanallarının kəsilməsinin zəruriliyi ilə əlaqələndirir. Ermənistan isə Bakını Xankəndidə yaşayan erməniləri blokadaya almaqda ittiham edir. Lakin Ermənistan XİN-in bu məsələ ilə bağlı pafoslu bəyanatları təkcə Bakıya ünvanlanmayıb. İrəvan Üçtərəfli Bəyanatın əsas təminatçısı olan Rusiyanı Laçın yolunun “blokadasına” son qoymağa və bu dəhliz boyu hərəkətin bərpasına kömək etməyə çağırır.
AzerTimes xəbər verir ki, bunu rusiyalı politoloq Sergey Markedonov deyib.
“Bu eskalasiyanı çətin ki, sürpriz adlandıraq. İkinci Qarabağ müharibəsindən sonra Azərbaycan münaqişənin yenidən “dondurulması”nın onun üçün qəbuledilməz olduğunu heç vaxt gizlətməyib. Bu ölkənin ali nümayəndələri isə Qarabağın statusunu real problem hesab etmirlər. Nəticədə Xankəndi və İrəvana təzyiqlər artır. Üstəlik, bu vəziyyətdə Ermənistan rəhbərliyi güzəştə getməyə hazır olduğunu nümayiş etdirir.
Bakının mövqeyinə bütün əsas xarici oyunçuların müxtəlif səbəblərdən Azərbaycan rəhbərliyi ilə münasibətləri korlamaq istəməməsi də təsir edir. Bakının Rusiya üçün əhəmiyyəti Qərblə davam edən qarşıdurma kontekstində artıb, ABŞ və AB isə əksinə, onu Avropanın enerji təchizatı məsələsində və ola bilsin ki, İranın qarşısını almaqda etibarlı tərəfdaş kimi görür. Təbii ki, Bakı açılmış imkanlardan istifadə edir”, – o bildirib.
Markedonov qeyd edib ki, mövcud emosionallığa baxmayaraq, Qarabağın “müstəqilliyi” Ermənistan rəhbərliyi tərəfindən dəstəklənməyəcək:
“Paşinyan dəfələrlə 1991-ci ilin Almata prinsiplərinə istinad edib. Kəskin eskalasiya onun planlarında yoxdur. Fransa senatorlarının 2020-ci ilin noyabrında Qarabağın tanınmasına necə səs verdiyini də xatırlaya bilərsiniz (305 lehinə, 1 səs isə əlehinə). Bəs o vaxtdan Qarabağın “dövlətçiliyi” prosesi bir millimetr belə irəliləyibmi? Ritorik sualdır. Lakin nə Prezident Makronun parlaq tvitləri, nə də Konqresin Nümayəndələr Palatasının indiki eks-spikeri Pelosinin təxribatçı sözləri Azərbaycanın keçid məntəqəsinin yaradılmasına mane oldu.
Ən mürəkkəb etno-siyasi konflikt ancaq çətin kompromislər bahasına həll oluna bilər ki, burada ritorik vasitələrin deyil, sərt praqmatikanın ön plana çıxması nəzərdə tutulur”.