Ukraynada tutularaq Azərbaycana gətirilən iş adamı Maqsud
Mahmudovun barəsindəki cinayət işi üzrə növbəti məhkəmə prosesi
davam etdirilib.
AzerTimes-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində
hakim Faiq Qəniyevin sədrliyi ilə keçirilən prosesdə ifadə verən
şahid Səhər Abbasova bildirib ki, ibtidai istintaqa verdiyi ifadəni
təstiq edir: “Sumqayıtda Kas Veqas restoranını Maqsud almışdı.
Sonradan satdı. Ələsgər Ələkbərov küçəsindəki evdə mən yaşamışam.
Sonra mən başqa evə köçdüm, Maqsud o evi də satdı. Daha sonra
Parlament prospektindəki evdə yaşamışam. Oradan da başqa ünvana
köçdüm və Maqsud həmin evi də satdı. Maqsud xaricə köçəndən sonra
borc sahibləri gəldi, evdəki əşyaları borc yiyələrinə verdim”.
Qeyd edək ki, Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq külli
miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə Daxili İşlər
Nazirliyi tərəfindən beynəlxalq axtarışa verilmiş Mahmudov Maqsud
Soltan oğlu 2021-ci ilin iyul ayında Ukrayna ərazisində
tutulub.
O, sentyabrın 18-də Ukraynadan Azərbaycana gətirilərək istintaqa
təhvil verilib.
İstintaq dövründə onun barəsində xüsusi dəyəri olan əşyaları talama
maddəsi ilə ittiham irəli sürülüb.
İş üzrə 90 nəfər zərərçəkmiş var.