Maqsud Mahmudov qızıllarımı götürüb Ukraynaya qaçdı – Zərərçəkmiş

Xəbər - Samir Əli – Trend:

Bakı Ağır Cinayətlər Məhkəməsində Ukraynada tutularaq
Azərbaycana gətirilən iş adamı Maqsud Mahmudovun barəsindəki
cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

AzerTimes-ın məlumatına görə, hakim Faiq Qəniyevin sədrlik etdiyi
prosesdə ifadə verən zərərçəkmiş Rəna Soltanova bildirib ki,
2019-cu ildə Lökbatan qəsəbəsində yerləşən lombarda qızıl-zinət
əşyaları qoyub. Bir müddət sonra yaranmış problemlə bağlı
qızıllarının yarısını ala bilməyib.

Zərərçəkmiş şəxsin hazırkı ifadəsi ilə istintaqa verdiyi ifadə
arasında ziddiyyət yaranıb. R.Soltanova əvvəlki ifadəsində lombarda
qoyduğu qızılların hamsını götürdüyünü deyib.
Daha sonra ifadə verən zərərçəkmiş Nazlı Şəbiyeva bildirib ki,
2019-cu ildə lombarda qoyduğu qızılları yalnız ötən ay ala
bilib.

“Lökbatanda yerləşən lombarda 500 manatlıq qızıl qoymuşdum. Bir
müddət sonra pulu ödəyib qızıllarımı götürmək istəyəndə dedilər ki,
Maqsud Mahmudov qızılları götürüb Ukraynaya qaçıb. Digər
zərərçəkmişlər kimi mən də şikayət etdim. Ötən ay isə qızıllarımı
ala bildim. Hazırda heç bir şikayət və tələbim yoxdur”, – deyə
zərərçəkmiş bildirib.


Məhkəmədə ifadə verən digər zərərçəkmiş şəxslər də
hüquq-mühafizə orqanlarına etdikləri şikayətdən sonra qızıllarını
geri aldıqlarını bildiriblər.

Proses sabah davam etdiriləcək.

Qeyd edək ki, M.Mahmudova Cinayət Məcəlləsinin 178.3.2
(dələduzluq külli miqdarda ziyan vurmaqla törədildikdə) , 182.2.2 (
(təkrar hədə-qorxu ilə tələb etmə) və 183.2.2 (xüsusi dəyəri olan
əşyaları talama – təkrar törədildikdə) maddələri ilə ittiham elan
olunub. Daxili İşlər Nazirliyi tərəfindən beynəlxalq axtarışa
verilmiş Mahmudov Maqsud Soltan oğlu ötən ilin iyul ayında Ukrayna
ərazisində tutulub. O, sentyabrın 18-də Ukraynadan Azərbaycana
gətirilərək istintaqa təhvil verilib.
İş üzrə 91 nəfər zərərçəkmiş tanınıb.

Teqlər: