Malayziya qəzetində dahi Azərbaycan şairi Nizami Gəncəviyə dair məqalə dərc olunub

Malayziyanın nüfuzlu nəşrlərindən olan “Utusan Malaysia” qəzeti dahi Azərbaycan şairi Nizami Gəncəvi ilə bağlı geniş məqalə dərc edib.

“Nizaminin əsərləri bu gün də qibtə hissi oyandırır” sərlövhəli məqalə qəzetin 20 aprel 2021-ci il tarixli buraxılışında nəşr olunub.

Məqalədə bu il dahi şairin anadan olmasının 880 illiyinin tamam olduğu, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 5 yanvar 2021-ci il tarixli Sərəncamına əsasən 2021-ci ilin “Nizami Gəncəvi İli” elan edildiyi bildirilir. Nizami Gəncəvinin Şərq Renessansının qabaqcıl təmsilçisi olduğu vurğulanaraq, dahi sənətkarın Azərbaycanın qədim mədəniyyət mərkəzlərindən biri olan Gəncə şəhərində dünyaya göz açdığı, onun poetik-fəlsəfi fikrinin nümunəvi keyfiyyət qazandığı nəzərə çatdırılır.

Həmçinin mütəfəkkir şairin dünya mədəni irsinə 5 poemadan ibarət bəxş etdiyi “Xəmsə”dən bəhs edilərək, sözügedən əsərlər toplusunun Nizami ədəbi məktəbinin bünövrəsini təşkil etdiyi, öz təsirini bu günə qədər qoruduğu bildirilir. Bu poemalardan xüsusilə “Leyli və Məcnun”un malayziyalı ədəbiyyatsevərlərə də kifayət qədər tanış olduğu, sonrakı tarixlərdə bu poemanın təsiri ilə müxtəlif müəlliflər tərəfindən yeni əsərlərin qələmə alındığı, fransız kinematoqraflar tərəfindən istehsal edilmiş eyniadlı bədii filmin isə 1933—cü ildə Malayziyada nümayiş etdirildiyi ifadə olunur.

Məqalədə Nizami dühasının özünəməxsusluğu barədə bildirilir ki, böyük istedada və dərin biliklərə malik olmasına baxmayaraq, dahi şair daim axtarışda olmuş, onun poeziya irsi romantizmlə kifayətlənməmiş, mürəkkəb insan mənəviyyatının öyrənilməsini də əhatə etmişdir.

Qeyd olunur ki, Nizami Gəncəvinin əksər dünya dillərinə tərcümə olunmuş əsərləri, eləcə də bu əsərlərin orijinal nüsxələri bu gün Bakı ilə yanaşı, Moskva, Sankt-Peterburq, Daşkənd, Təbriz, Tehran, Qahirə, İstanbul, Yeni Dehli, London, Paris kimi nüfuzlu şəhərlərin kitabxana və muzeylərində qorunur.

Məqalədə, həmçinin 2012-ci ildə təsis edilmiş Nizami Gəncəvi Beynəlxalq Mərkəzinə və onun fəaliyyətlərinə yer verilərək, bu nüfuzlu təşkilatda beynəlxalq səviyyədə tanınmış bir sıra şəxslərin təmsil olunduğu, Mərkəzin əsas missiya kimi təhsilin, tolerantlığın və dialoqun təşviq edilməsinə yönəlmiş layihələr həyata keçirdiyi qeyd edilir.

Məqalə ilə bağlı məmnunluğunu ifadə edən, eləcə də “Utusan Malaysia” qəzetinə və onun kollektivinə təşəkkürünü bildirən Azərbaycanın Malayziyadakı səfiri Qaley Allahverdiyev dövlətlər və xalqlar arası münasibətlərin inkişaf etdirilməsində ədəbi-mədəni təcrübə mübadiləsinin xüsusi yer tutduğunu vurğulamışdır. Səfir Q.Allahverdiyev Azərbaycan Prezidenti İlham Əliyevin dahi şairlə bağlı fikirlərindən sitat gətirərək, Nizami Gəncəvinin zəngin yaradıcılığının bəşər mədəniyyətinin nailiyyəti kimi müstəsna əhəmiyyətə malik olduğunu nəzərə çatdırmış, bu səpkidə ölməz sənətkarın ədəbi irsinin malayziyalı geniş oxucu kütləsi tərəfindən yad edilməsinin vacibliyini qeyd etmişdir. Səfir bildirmişdir ki, məqalənin dərc olunduğu qəzet nüsxələrinin “Utusan Malaysia” redaksiyası tərəfindən Kuala Lumpur Universiteti, Malayziya Beynəlxalq İslam Universiteti, Malayziya Beynəlxalq Müdafiə Universiteti, Beynəlxalq İslam Kolleci kimi aparıcı təhsil müəssisələrinin kitabxanalarına göndərilməsi təşəbbüsü isə xüsusilə təqdirəlayiqdir.

Teqlər: