Malayziya hökuməti ölkəyə gələnlər üçün koronovirus pandemiyasına görə 14 günlük karantin rejimini bərpa edib.
Bu qayda ölkəyə gələn bütün şəxslərin mehmanxanalarda və ya karantin mərkəzlərində qalmasını nəzərdə tutur.
Xatırladaq ki, Malayziyada ölkəyə qayıdan vətəndaşların karantin rejimini mehmanxana və karantin mərkəzlərində deyil, evlərdə gözləməsi barədə qərar iyunun 10-da tətbiq edilmişdi.
Dünya üzrə epidemioloji vəziyyətin ağır olması, həmçinin Malayziyaya qayıdanlar arasında virusa yoluxanların kütləvi yayılma mənbəyi yaratması təhlükəsi nəzərə alınaraq mehmanxanalarda və karantin mərkəzlərində icbari karantinin tətbiqi barədə qərar iyulun 24-də qüvvəyə minəcək. Bu barədə Malayziya hökumətinin böyük naziri İsmail Sabri Yakob məlumat verib.
Bildirilir ki, icbari karantindən yalnız Malayziya vətəndaşları deyil, ölkəyə qayıdan əcnəbilər də keçəcəklər. Bu zaman, ölkəyə dönən Malayziya vətəndaşlarının olduqları xarici ölkələrdə uçuşa 3 gün qalmış analiz verməsinə ehtiyac olmayacaq. Lakin bu qayda əcnəbilərə tətbiq edilməyəcək.
Əlavə olaraq qeyd edək ki, pandemiyanın başlamasından bu günədək Malayziyada ümumilikdə 8 min 815 nəfər koronavirusa yoluxub. Onlardan 8 min 562-si sağalıb, 123 nəfər həyatını itirib.