Maksud mənə dedi ki, Manaf Ağayevi söküb-yığacam – Vasif Məhərrəmli

Xəbər - Samir Əli – Trend:

Bakı Ağır Cinayətlər Məhkəməsində Ukraynada tutularaq
Azərbaycana gətirilən iş adamı Maqsud Mahmudovun cinayət işi üzrə
məhkəmə prosesi davam etdirilib.

AzerTimes-ın məlumatına görə, hakim Faiq Qəniyevin sədrliyi ilə
keçirilən prosesdə ifadə verən Rəfiqə Müslümova bildirib ki, ona ev
təmiri üçün təcili pul lazım olub.

“Mən faizə pul axtarırdım. Bir nəfər dedi ki, qızıl qoyub
lombarddan götürə bilər. Mənim qızılım yox idi. Qohumumdan qızıl
götürüb həmin adamla aparıb lombardda Mədinə adlı xanıma verdim. 15
gün keçməmiş pulu qaytardım. Amma qızılları ala bilmədim. Hər gün
gedib lombardın qarşısında oturdum, əsəbiləşirdim. Bir gün
lombardın qabağında ürəyim getdi. Polislər mənə yardım etdi. Mədinə
mənə dedi ki, qızılları Maksud müəllim götürüb qaçıb. Qızılların
yiyəsi məni az qalırdı məhkəməyə versin. 4 aydan sonra qızılları
qaytardılar. Mən Maksudu tanımamışam. Mənə dedilər ki, lombard
sahibi Maksuddur”.

Zərərçəkmiş Orxan Bəylərzadə da bildirib ki, onun da qızıllarını
Maksud Mahmudov götürüb qaçıb.

Digər zərərçəkmiş Vasif Məhərrəmli də ifadə verib.

“Maksud mənə xəbər göndərmişdi ki, niyə şəhid ailələrinə baş
çəkmirsən. Guya mən Tbilisi prospektində 3 otaqlı ev almışam və
yaşlı qadın saxlayıram. Mən ona dedim ki, almışam, öz işimdir.
Digər tərəfdən isə mən el bir ev almamışam. Mən ona dedim ki, bu
informasiya səndə haradandır. Dedi ki, mənə bir xanım deyib
məlumatı. O, mənə dedi ki, öyrənib xanımın adını mənə deyəcək.
Səhəri gün Maksud Mahmudov canlı efirdə heç nə demədi.


Bir müddət sonra o, Cavanşir Məmmədovla bağlı danışmağa başladı.
Mən Maksuda təklif etdim ki, belə şayiələr yaymasın. Bir müddət
Maksud sakit oturdu. Bir müddətdən sonra o, Manaf Ağayevlə bağlı
danışmağa başladı. Maksud ancaq şou-biznes əhlini söyməklə məşğul
idi. O, Manaf Ağayev və Afət Fərmanqızıdan pul istədi. Onlar pul
vermədi. Amma mən 1000 manat pul verdim. Bir nəfər cavan oğlan mənə
zəng elədi ki, Maksud müəllim göndərib, pulu ver. Mən də 1000
manatı verdim. Ondan sonra onu görməmişəm. Mənim min manatını
versə, yaxşı olar”, – deyə V.Məhərrəmli bildirib.

Maksud Mahmudov isə bildirib ki, Vasif Məhərrəmlini yığıb və
ondan üzr istəyib: “Vasif Məhərrəmli mənə dedi ki, onları niyə
söyürsən? Mən də dedim ki, öz işimdir. Vasif dedi ki, onlar mənim
qohumlarımdır. Bir gün mənim uşaqlarımın şəklini internetdə
paylaşdı və bildirdilər ki, vətən xaini uşaqlarıdır. Mən Afəti
söydüm efirdə. Vasif məni Afətlə calaşdırdı. Mən Afətdən soruşdum
ki, mənim uşaqlarımın şəklini niyə yaymısan? O da dedi ki, bir
saata silinəcək. Həqiqətən də bir saata silindi. Manaf Ağayevlə
Vasifin İlham adlı dostu var idi. Onun mənə 30 min manat borcu var.
Mən Manafla Vasifə dedim ki, o adam mənim pulumu qaytarsın. Vasif
dedi ki, mən ona deyərəm. Mən dedim ki, pulumu 3 min-3 min
qaytarsın. Vasif zəng elədi onunla danışdı və mənə bildirdi ki, o,
pulu başqa adama verib. Vasif dedi ki, biz Manafla adama 500 manat
verərik sənə. Mən dedim ki, mənə elə pul lazım deyil. Vasif dedi
ki, mən sənə qardaş payı verirəm”.

Vasif Məhərrəmli bildirib ki, Maksud yalan danışır: “Maksud mənə
dedi ki, Manafı axşam söküb-yığacam. Mən də Manafa dedim ki, Maksud
belə deyir. Manaf da dedi ki, mən niyə ona pul verməliyəm?”.

Qeyd edək ki, M.Mahmudova Cinayət Məcəlləsinin 178.3.2
(dələduzluq külli miqdarda ziyan vurmaqla törədildikdə), 182.2.2 (
(təkrar hədə-qorxu ilə tələb etmə) və 133.2.2 (xüsusi dəyəri olan
əşyaları talama – təkrar törədildikdə) maddələri ilə ittiham elan
olunub. Daxili İşlər Nazirliyi tərəfindən beynəlxalq axtarışa
verilmiş Mahmudov Maqsud Soltan oğlu ötən ilin iyul ayında Ukrayna
ərazisində tutulub. O, sentyabrın 18-də Ukraynadan Azərbaycana
gətirilərək istintaqa təhvil verilib.

İş üzrə 91 nəfər zərərçəkmiş tanınıb.

Teqlər: