Makronla Paşinyan niyə “dalaşır”? – Gizli məqamlar

Makronla Paşinyan niyə “dalaşır”? – Gizli məqamlar

Fransa Prezidenti Emmanuel Makronun Marseldə erməni diasporu ilə görüşdə Fransanın Ermənistan-Azərbaycan danışıqlarında Qarabağla bağlı “güzəştsiz mövqe” sərgilədiyini, “Paşinyandan daha çox Əliyevə təzyiq etdiyini” bildirməsinin, Ermənistan baş nazirinə qarşı böyük kampaniyanın aparılmasına təkan verməsinin səbəbi nədir?

Erməni diasporunun yaydığı bu məlumatla bağlı İrəvan Parisə sorğu verib və hələ ki, cavab almayıb. Ancaq cavabın nə olduğunun xüsusi önəmi yoxdur: əvvəla, erməni diasporu Makronun sözlərini bu qədər təhrif etməyə cəsarət etməz; ikincisi, əgər təhrif olsaydı, Yelisey sarayı çoxdan təkzib verərdi; üçüncüsü, Makronun Paşinyana əsəbiləşməsi və onların arasında ciddi fikir ayrılığının yaranması barədə məlumat ilk dəfə deyil yayılır.

1 iyunda Kişinyovda keçirilən görüşdən sonra Emmanuel Makron qəzəblə Fransadakı Erməni Təşkilatlarının Koordinasiya Şurasının həmsədri Murad Papazyana zəng edərək bildirmişdi ki, o, artıq belə görüşlərdə iştirak etmək niyyətində deyil. Çünki görüşdə iştirak edən bütün tərəflər – Nikol Paşinyan, Olaf Şolts, Şarl Mişel Qarabağı Azərbaycanın ayrılmaz tərkib hissəsi kimi qəbul ediblər, Makron bu məsələdə təklənib və pis vəziyyətə düşüb. Bu isə Makronla Paşinyan arasında ciddi konfliktə səbəb olub.

Maraqlıdır, niyə Paşinyan Fransa kimi bir ölkənin “erməni maraqlarını ermənidən daha yaxşı qoruyan” lideri Makronla fikir ayrılığı yaşamalıdır? Nəzərə alaq ki, Fransa Ermənistana silah göndərməyə başlayır (50 zirehli trasportyirun tədarükü), Ermənistandakı səfirliyinə “hərbi sahədə əlaqələri inkişaf etdirmək və İrəvanın hərbi ehtiyaclarını öyrənmək” üçün ilk dəfə attaşe təyin edir (bunu Makron Marseldə də xüsusi vurğulamışdı), Ermənistan-Azərbaycan danışıqlarında erməni maraqlarını israrla qoruyur, bütün platformalarda fransız siyasətçilər Ermənistan təbliğatı aparır və Azərbaycana qarşı mövqe ortaya qoyur və s.

Bəs, niyə Paşinyan Makronun bu “fədakarlığını” qiymətləndirmir?

Məsələ bundadır ki, Fransanın bu cür ermənipərəst mövqeyinin Ermənistan və Azərbaycan arasında sülh sazişini mümkünsüz etdiyini artıq hər kəs – Nikol Paşinyan da bilir. Ermənistanın silahlanması, sülh imzalamaması, Makronun təkidi ilə aparılan siyasət növbəti müharibə deməkdir.

Emmanuel Makron Cənubi Qafqazda Rusiyanın sıxışdırılması ilə paralel olaraq özünün bölgəyə yerləşməsini təmin etmək istəyir. Bu isə 44 günlük müharibənin dəyişdirdiyi yeni siyasi reallıqda mümkün deyil. Yeni reallıqda söz sahibi Azərbaycan, müttəfiqi Türkiyə, İsrail, o cümlədən müharibə zamanı BMT səviyyəsində siyasi dəstəyini əsirgəməyən Böyük Britaniyadır. Makron yeni müharibə riskinin yaranmasından qətiyyən narahat deyil, əksinə, növbəti provokasiyaya gedərək, daha bir cəhd etmək istəyir – ən azı, bu müharibəyə hazır olduğu təəssüratı ilə diplomatik masada nəsə əldə etməyə çalışır.

Ermənistan buna hazırdırmı?

Bir neçə gün öncə Nikol Paşinyan 44 günlük müharibədəki vəziyyəti araşdıran parlament komissiyasının iclasında 13-16 oktyabr aralığında aparılan atəşkəs danışıqlarının baş tutmaması barədə açıqlama vermişdi. Bu açıqlamanın ardınca üzə çıxdı ki, Paşinyan əslində Azərbaycanın həmin vaxt tələb etdiyi şərtləri qəbul etməyə və atəşkəs bağlamağa razı olub, ancaq onu fikrindən Fransa lideri Emmanuel Makron daşındırıb. Makronun verdiyi vədlə atəşkəsdən imtina edib, “humanitar atəşkəsə”, yəni fasiləyə razılaşan Paşinyanın sonradan kapitulyasiyaya yalvardığı hər kəsə bəllidir.

Ermənistan baş naziri də hazırda ən çox bu tənqidlərlə üzləşir ki, 13-16 oktyabrda Rusiyanın vasitəçiliyindən imtina edib, Makronun vədinə aldanmasaydı, “daha münasib” atəşkəs razılaşması imzalaya bilərdi.

İndi həmin Makron yenidən Paşinyanı və Ermənistanı müharibəyə sürükləyir. Paşinyan niyə Makrona güvənməlidir? Niyə onun təhriki ilə Azərbaycanla müharibəyə başlamalıdır?

Növbəti müharibə Rusiyanı regiondan tamamilə çıxara və yaxud Rusiyaya qarşı “ikinci cəbhə” yarada bilər – bu, mümkün ssenaridir və deyəsən, Makronun da istəyi budur. Ancaq yeni müharibə artıq Ermənistan ərazisində gedəcək – Paşinyan da bunu bilir.

Bu baxımdan “bacılar” arasında ciddi fikir ayrılığını anlamaq olar…

Teqlər: