Qafqaz regionunda və onun hüdudlarından kənarda sabitliyi pozmaq səyləri çərçivəsində Ermənistan və Azərbaycan arasında bir müddət öncə baş verən son toqquşmalarda Rusiya məqsədyönlü təxribat törədib.
AzerTimes “Röyters”ə istinadla xəbər verir ki, bu sözləri Fransa Prezidenti Emmanuel Makron deyib.
“Ermənistan və Rusiya (? – red.) sərhədində son iki ildə nə baş verir? 5 min rus əsgər guya sərhədi (Ermənistan sərhədini) qoruyur, ancaq ruslar bu konfliktdən istifadə edərək, bir neçə əsrdir ki, (? – red.) Azərbaycan oyununu oynayır və vaxtilə yaxın olduqları Ermənistanı zəiflətməyə qayıdıb. Görürsünüzmü nə baş verir? Bu, Rusiyanın vəziyyəti destabilizasiya etmək cəhdidir. O, Qafqazda qarışıqlıq yaratmaq istəyir ki, bizim hamımıza qeyri-sabitlik gətirsin”, – Makron bildirib.
O qeyd edib ki, Fransa Ermənistanı pis vəziyyətdə qoymayacaq:
“Ermənistan – bizimlə unikal əlaqələri olan ölkədir; Azərbaycan sərhəd boyu bir neçə hücum həyata keçirib. Biz onları qınadıq. Biz Ermənistanı tək qoymayacağıq”.
O, Avropa Siyasi Birliyi zirvəsi çərçivəsində AŞ və Fransanın vasitəçiliyi ilə dördtərəfli görüşün baş tutduğunu xatırladıb və qeyd edib ki, bu çərçivədə yeni tarixdə ilk dəfə olaraq Ermənistan və Türkiyə liderləri də görüşdü.
“AB Azərbaycandan qaz alır, buna görə Azərbaycana tolerant yanaşa bilərmi” sualına isə Makron belə cavab verib:
“Fransa Azərbaycandan qaz almır. Əlbəttə, AB-nin bir neçə ölkəsinin Azərbaycanla qaz sazişi var. Amma biləsiniz ki, Fransa və AB-nin dəyərləri qaz və ya neftə satılmır”.
Qeyd edək ki, bu, Fransa Prezidentinin region və Azərbaycan haqda tamamilə təhrif edilmiş və şantaj üzərində qurulan, Rusiyaya qarşı erməni ictimaiyyətini körükləyən və Ermənistandakı antirusiya ovqatından sui-istifadə edən bir çıxışıdır.
Əvvəla, Ermənistan ilə Rusiyanın heç bir sərhədi yoxdur. İkincisi, Ermənistan adlı dövlət olmayıb ki, hələ bu konfliktin də tarixi “yüz illərə” gedib çıxsın. Ermənilərin Azərbaycan ərazilərinə köçürülməsini 1828-ci il Türkmənçay müqaviləsindən sonra Rusiya həyata keçirib və Azərbaycanla Türkiyə arasına erməniləri yerləşdirib, onlara “vilayət” yaradıb. 1918-ci ildə isə ermənilər bundan istifadə edərək, Azərbaycan torpaqlarında dövlət qurublar.
1920-ci ildə Azərbaycanı işğal edən yenilənmiş rus imperiyası ermənilərin qurduğu 9 min kv.km ərazini Azərbaycan torpaqları hesabına böyütməklə məşğul olub və 29,8 min kv.km-ya çatdırıb: Qazaxda 4 min kv.km-dan çox, o cümlədən Qərbi Zəngəzur, həmçinin Naxçıvandan böyük ərazi, Göyçə və s. Azərbaycandan qoparılaraq, Ermənistanın tərkibinə qatılıb.
1991-94-cü ildəki Birinci Qarabağ savaşında da Ermənistanın bütün hücumlarında rus ordusu iştirak edib, Ermənistanın torpaqlarımızı 30 il işğalda saxlaya bilməsinin səbəbi də Rusiya və İrandır.
Rus sülhməramlılar Azərbaycanda olduğu üçün Qarabağdakı erməni separatçıları separatizmi davam etdirə bilirlər; rus sərhədçiləri Ermənistan sərhədini qoruduğu üçün Ermənistan vaxtaşırı olaraq təxribat törədib, Azərbaycan əsgərlərini qətlə yetirə bilir və bunun da bir nümunəsi 12-14 sentyabrda baş verdi.
Makron tarixi təhrif edərək, Rusiyanın Ukraynada üzləşdiyi problemlərdən dolayı Ermənistanı ələ keçirməyə çalışır və regionda Kremlə qarşı siyasi çıxışlar edir, həmçinin Ermənistanın “daha layiqli” qoruyucusu olduğunu göstərməyə çalışır, artıq tarixə gömülən Qarabağ münaqişəsini ayaqda tutmaq üçün olmayan, dağılmış “Minsk qrupuna həmsədr təyin edir”.
Son bəyanatı isə bir daha təsdiqləyir ki, 10 noyabr 2020-ci il bəyanatının tələblərini Ermənistan məhz Fransaya, konkret olaraq, Makrona və bölgədə oyunçu kimi mövqelərini gücləndirməyə çalışan ABŞ-a arxalanmaqla icra etmir. Makron yaxşı bilir ki, Ermənistan 10 noyabr bəyanatının tələblərini icra etməsə, Zəngəzur yolunu açmasa, öz qoşunlarını Azərbaycan ərazisindən tam çıxarmasa, bunun hansı nəticələri ola bilər.
Hazırda Cənubi Qafqazda qeyri-sabitlik Rusiyaya qətiyyən lazım deyil; bu, Rusiyanın təsir dairəsində olan regionu ələ keçirməyə çalışan və Rusiyaya ikinci cəbhə açmaq istəyən Fransaya gərəkdir. ABŞ Ukraynada hansı oyunlar oynadısa, Ermənistanda da Fransa o oyunlara girişib və artıq hədəfi də göstəriblər – bu, Rusiyadır.
Ancaq ortada həm də Azərbaycanın milli maraqları var və Azərbaycan bundan qətiyyən imtina etməyəcək. Fransa lideri Makron bunu çox yaxşı bilir, ancaq ermənilərin hansı zərbəni alacağı Makronu maraqlandırmır – necə ki, Ukraynanın “Kalibr”lə şumlanması Qərbi narahat etmir…