Fransanın “Fiqaro” nəşrinin redaktor müavini, ermənipərəst politoloq Jan-Kristof Byuisson Fransa Prezidenti Emmanuel Makronla söhbətini açıqlayıb.
AzerTimes xəbər verir ki, o, bu barədə Ermənistan telekanalının siyasi tok-şousunda danışıb.
“Onunla müsahibəyə hazırlaşırdıq. Hər şey həmişəki kimi gedirdi. Bir dəqiqəlik sakitlikdən istifadə edərək, Makrona sual verdim: “Qarabağda ermənilərin Azərbaycan tərəfindən “soyqırımı” baş verir. Onlara kömək etmək üçün edə biləcəyiniz bir şey varmı?” Makron isə cavabında bildirdi ki, təkbaşına bunu etmək çətin olacaq. Dedi ki, Almaniya yanımızda olmasa, heç nə edə bilməyəcəyik. Makron qeyd etdi ki, başqa ölkələrdən ən azı minimum dəstək olsaydı, Ermənistana kömək edərdi”, – politoloq vurğulayıb.
Onun sözlərinə görə, Fransa lideri qeyd edib ki, Avropanın bir hissəsi Azərbaycan qazından asılıdır:
“Lakin bir müddət əvvəl o, Almaniya kansleri Olaf Şoltsun ermənipərəst və antiazərbaycan siyasətinə inandıra bilib. Yeri gəlmişkən, məhz bundan sonra Fransa Ermənistana hərbi yardım göstərmək təşəbbüsü ilə çıxış edib”.