Praqadakı görüşdən bir həftə keçməmiş Fransa Prezidenti Makron müsahibəsində Azərbaycanı tənqid etdi və bizi etmədiyimiz bir işdə ittiham etdi. Bunun ardınca Fransa Senatının tamamilə qəbuledilməz və təhqiramiz olan məlum qətnaməsi gəldi. Sonra Fransa Milli Assambleyasının növbəti antiazərbaycan qətnaməsi, daha sonra Fransanın Frankofoniya Sammiti vasitəsilə bizə hücum cəhdi oldu. Frankofoniya humanitar təşkilat olduğu üçün bu qəbuledilməzdir.
AzerTimes xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev noyabrın 25-də ADA Universitetində keçirilən “Orta Dəhliz boyunca: geosiyasət, təhlükəsizlik və iqtisadiyyat” mövzusunda beynəlxalq konfransın açılışındakı çıxışında deyib.
Prezidentin sözlərinə görə, Azərbaycan tərəfində Fransanın Ermənistanla tandemdə hazırladığı ittiham və eyhamlarla dolu olan orijinal mətn var:
“Bizim təkcə Qoşulmama Hərəkatında yox, həm də Avropada da dostlarımız var. Buna görə də bu antiazərbaycan qətnaməsi formal xarakter daşıyır. Bütün bunları nəzərə alsaq, Fransanın sülh prosesində iştirak edə bilməyəcəyi aydındır. Və bu bizim deyil, onların günahıdır, çünki nə ABŞ, nə də Rusiya heç vaxt rəsmi olaraq tərəf tutmayıb. Bu o deməkdir ki, dekabrın 7-də keçiriləcək iclas baş tutmayacaq. Və digər alternativləri nəzərdən keçirəcəyik. Görək kimlər hansı platformada vasitəçi kimi çıxış edəcək”.
Dövlət başçısı vurğulayıb ki, Paşinyanın Makronun Brüssel görüşündə iştirakı şərtini sülh danışıqlarını pozmaq cəhdi kimi qiymətləndirir.