Fransa Prezidenti Emmanuel Makron Fransa və Azərbaycan
diplomatik münasibətlərinin qurulmasının 30 illiyi münasibətilə
Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib.
Trend xəbər verir ki, təbrik məktubunda deyilir:
“Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham
Əliyevə
Cənab Prezident,
Fevralın 21-də Fransa və Azərbaycan öz diplomatik
münasibətlərinin qurulmasının 30 illiyini qeyd edirlər. Bu
münasibətlə mən Sizə səmimi təbriklərimi ünvanlamaq istəyir və ümid
edirəm ki, Azərbaycan öz müstəqilliyini, inkişafını və
ölkələrimizin bağlı olduğu dünyəviliyi möhkəmləndirməyi bundan
sonra da davam etdirəcəkdir.
Bu illər ərzində Fransa və Azərbaycan iqtisadi, mədəni və təhsil
sahələrində tərəfdaşlığa əsaslanan, Fransa və Azərbaycan arasında
dostluğun bünövrəsi sayılan Fransa-Azərbaycan Universiteti və
Bakıdakı fransız liseyi kimi ümumi uğurlarla əlamətdar olan möhkəm
əlaqələr qura bilmişlər. Fransa İnkişaf Agentliyi infrastruktur və
kommunikasiya sahələrində layihələr həyata keçirməkdədir.
Prezident Heydər Əliyevin Prezident Fransua Mitteranla 1993-cü
ildə imzaladığı dostluq, anlaşma və əməkdaşlıq haqqında müqavilə
əsasında qurulan bu münasibətlər həm də mənim çox bağlı olduğum ən
yüksək səviyyədə siyasi dialoqa əsaslanır. Azərbaycan Prezidenti
kimi ilk səfərlərinizi Fransaya etdiyinizi unutmamışıq.
Fransa həm də ATƏT-in Minsk qrupunun həmsədri kimi, regionda
ədalətli, davamlı sülh və rifah mənbəyi üçün səyləri dəstəkləmək
öhdəliyinə tam sadiqdir.
Mən Sizinlə və Ermənistanın baş naziri ilə Avropa Şurasının?
(Avropa İttifaqı Şurası) sədrinin yanında apardığınız son
mübadilələrimizin konstruktiv ruhunu alqışlayıram. Fransa müzakirə
etdiyi bütün mövzularda irəliləyişə nail olmaq üçün öz dəstəyini
verməyə hazırdır. Mən qorunmalı olan irs məsələsi və UNESCO-nun
missiyası barədə toxunduğumuz mövzu haqqında da xüsusilə
düşünürəm.
Fransa, həmçinin Azərbaycan ilə Avropa İttifaqı arasında Şərq
tərəfdaşlığı və iştirak etdiyimiz 15 dekabr Zirvə görüşündə müəyyən
edilmiş prioritetlər çərçivəsində əlaqələri gücləndirmək
arzusundadır.
Ümidvaram ki, ikitərəfli əlaqələrimiz bundan sonra da dostluq və
etimad ruhunda möhkəmlənəcəkdir. Əmin olun ki, Fransa buna fəal
şəkildə töhfəsini verəcəkdir.
Cənab Prezident ən yüksək ehtiramlarımı qəbul etməyinizi xahiş
edirəm”.