Emmanuel Makron Fransa Erməni Təşkilatlarının Koordinasiya Şurasının sədri Murad Papazyanı bu ölkədə səfərdə olan Nikol Paşinyanla görüşdürüb.
AzerTimes xəbər verir ki, bu barədə Papazyan özü erməni mediasına açıqlamasında deyib.
Papazyanın sözlərinə görə, panteondakı tədbir (Misak Manuşyanın yenidən basdırılması – red.) bitəndə Makron onunla görüşüb və Nikol Paşinyanla birgə nahar edib, danışmağı təklif edib:
“Mən, Makron, Nikol Paşinyan və Ara Toranyan görüşdük. Mövzunu Makron özü açdı, dedi ki, bizim bir yerdə danışa bilməyimizi istəyir, çünki bir tərəfdə erməni xalqının seçdiyi Ermənistanın baş naziri, digər tərəfdə isə Fransadakı erməni icmasının liderləri var. Makron dedi ki, biz Ermənistanı və erməni davasını heç kimin qoruya bilməyəcəyi şəkildə qoruduğumuza əmin ola bilərik. Makron bildirdi ki, o, bizim fürsətdən istifadə etməyimizi və söhbət etməyimizi istəyir. Mən çıxışa başladım və Paşinyana dedim ki, Fransa prezidentinə hörmət üçün fransızca danışmaq istəyirəm, tərcüməçi gəlsin. Paşinyana dedim: Cənab baş nazir, mənim Ermənistana girişimi qadağan etməyinizi qəbuledilməz sayıram, çünki ilk növbədə sizin belə bir addım atmağa haqqınız yox idi. 19 aydan sonra heç bir səbəb olmadığı məhkəmə vasitəsilə təsdiqləndi. Aramızda fikir ayrılıqları var, mən müxalifətdəyəm, siyasətinizi ciddi tənqid etdim, pislədim, amma bu, demokratik ölkədə mənim haqqımdır və o hüququmdan istifadə edəcəyəm. Mənim bu hüququmdan istifadə etməyimə heç kim mane ola bilməz. Sonra dedim: Siz bu hərəkətinizlə diasporu və Ermənistanı daha da parçaladınız, hətta tərəfdarlarınız da özlərini aldanmış hiss etdikləri üçün problem yaşadılar. Siz diasporu zəiflətməyə çalışdınız və bu, erməni tərəfini zəiflətmək deməkdir. Dedim, fikir ayrılığımız ola bilər, problem deyil, demokratik həyatda bir-birimizlə razılaşmaya, mübahisə edə, bir-birimizi tənqid edə bilərik və siz bunu qəbul etməlisiniz. Siz qəbul etməlisiniz ki, biz Qarabağ məsələsində sizinlə razı deyilik, biz Azərbaycanla müqavilə ilə razı deyilik, biz Konstitusiyaya dəyişikliklərlə razı deyilik; siz qəbul etməlisiniz ki, biz Türkiyə ilə gələcək münasibətlərə də razı deyilik”.
Murad Papazyanın sözlərinə görə, onun sözlərini eşidən Nikol Paşinyan əvvəlcə əsəbiləşib:
“O, sadəcə əsəbiləşdi, sonra dedi ki, Fransa prezidentinin qarşısında niyə siyasətdən danışırsan? Ayıbdır”. Dedim, ayıb deyil, çünki bu təşəbbüsü göstərən Fransa prezidenti olub və yəqin ki, yalnız o, bu addımı ata bilərdi. Makron problemləri danışmaq üçün bizi toplamaq istədi və mən bu problemi səmimiyyətlə deyirəm. Nikol Paşinyan dedi: “Bilirsən niyə Ermənistana gəlməyi qadağan etdim?” Dedim, yox, o, davam etdi: “Çünki 2021-ci il iyunun 1-də nümayiş təşkil etmisən və mənim maşınıma hücum təşkil etmisən”. Dedim, cənab baş nazir, yalandır, mən təşkil etməmişəm. Dedi: “Sənsən, bilirəm ki, sənsən”. Dedim ki, siz bu qədər əmin olsanız ki, bu mənəm, o zaman MTX o faktları məhkəməyə təqdim edərdi, amma 19 aydan sonra məhkəməyə heç bir fakt verilmədiyi üçün onu mənim təşkil etdiyimə əmin ola bilməzsiniz və sizə deyirəm ki, mənim o nümayişlə heç bir əlaqəm yoxdur. Amma o nümayişi mən təşkil etmiş olsam belə, bu mənim haqqım və azadlığımdır. Biz demokratik ölkədə nümayişlər təşkil edə bilərik. İnqilabınızı nümayişlərlə həyata keçirdiniz, radio evini zəbt etdiniz, amma sizi həbsxanaya aparan olmadı, sizi heç kim qınamadı, sizə heç bir şey qadağan olunmadı. Ara Toranyan yanımda idi, Paşinyana dedi: “Sizi əmin edə bilərəm ki, Murad o nümayişi təşkil etməyib”. Onun Toranyana münasibəti çox pisdir, dedi: “Hardan bilirsən?” Toranyan, “Bilirəm, çünki biz həmişə bir yerdəyik, bilirəm ki, o bunu etməyib”.
Papazyan bundan sonra Makronla da söhbət etdiyini bildirib:
“Mən Makrona dedim: Cənab prezident, düzünü deyin, bu adammı bizi qorumalıdır, bu adammı Ermənistana rəhbərlik etməlidir, bu adammı Putin, Əliyev və Ərdoğanla danışmalıdır? Siz Ermənistanın rəhbərliyini bu səviyyəli adama verdiniz. Dedim, düzünü desək, cənab prezident, günah bizdədir, günah erməni xalqındadır ki, onların başında belə bir lider var ki, həqiqətən də səviyyəsizdir, tez qəzəblənir, çünki o, cahildir. Fransa prezidentinin qarşısında belə tez əsəbləşdiyinə görə ayıb olsun, mən həmişə sakit və təmkinlə məsələləri təqdim etmişəm, onu qınamışam, tənqid etmişəm.
Söhbət bitdi, Makron Paşinyanı apardı, 5 dəqiqəyə yaxın ayrılıqda danışdılar, gördüm ki, Paşinyana əsəbiləşib. Tədbir bitəndən sonra getdim, Paşinyanla sağollaşdım, dedim: Sağ ol, cənab baş nazir, bir-birimizlə razılaşmaya bilərik, bu, problem deyil. Sözümü kəsdi və dedi ki, məhkəmədə işi udmusan? Dedim hə, uddum, amma yenə də apellyasiya verə bilərsiniz, dedi, şikayət etməyəcəyəm, MTX-yə deyəcəyəm ki, şikayət etmə. Fransa prezidenti ona müraciət etməməyi deyib. Bu, reallıqdır”.