Həqiqətən də Prezident Makronun siyasi prosesi uduzacağı gözlənilən idi. “Respublika naminə birlikdə” prezident koalisiyası hətta solçu Yeni Xalq Cəbhəsindən də az səs topladı və üçüncü yerdə qərarlaşdı. Əlbəttə, bu da Makron üçün böyük məyusluqdur. 7 iyulda keçiriləcək ikinci turda nəticələrin fərqli olacağına inanmıram.
Bu sözləri AzerTimes-a Fransada keçirilən parlament seçkilərinin ilk turu barədə danışan ABŞ-ın ölkəmizdəki keçmiş səfiri Metyu Brayza deyib.
Diplomat seçki nəticələrinin Makrona yaxşı heç nə vəd etmədiyini bildirib:
“Beləliklə, əsas sual odur ki, səlahiyyət müddətinin bitməsinə üç il qalmış Makron prezident kimi müxalif siyasi qüvvələrin koalisiyası ilə dil tapa və ölkəni idarə edə biləcəkmi? Bunun necə ola biləcəyi bəlli deyil, çünki solçular (Yeni Xalq Cəbhəsi – red.) öz partiyası ilə birinci olan Marin Le Penlə işləmək istəmir. Ona görə də hansı siyasi dəyişikliyin olacağını indidən proqnozlaşdırmaq mümkün deyil. Bu, hansı koalisiya hökumətinin qurulmasından və onların Makronla necə işləməsindən asılı olacaq. Hazırda üç şəxs – Marin Le Pen, Kristian Blank və 28 yaşlı partiya lideri Cordan Bardella baş nazir ola bilər. Prezident Makronun hələ də dövlət başçısı olaraq rəhbərlik edəcəyi müdafiə və xarici siyasət istisna olmaqla, hökumətə müxalifətdən olan şəxs rəhbərlik edəcək. Bu baxımdan vəziyyətin necə olacağını proqnozlaşdırmaq və konkret nəsə demək doğru deyil. Ancaq Makronu çətin günlərin gözlədiyini dəqiq deyə bilərik”.
Qeyd edək ki, 30 iyunda keçirilən parlament seçkilərinin birinci turunda Milli Birlik Partiyası qalib gəlib. Partiyanın lideri Marin Le Pen baş nazir postuna partiyanın sədri Cordan Bardellanın namizədliyini irəli sürəcəklərini elan edib.