Beş il öncə Ursula fon der Leyenin Avropa Komissiyasına (AK) rəhbər seçilməsində mühüm rol oynamış Fransa Prezidenti Emmanuel Makron indi bu vəzifəyə başqa namizəd tapmaq üçün AB liderləri ilə danışıqlar aparır.
AzerTimes xəbər verir ki, bu barədə “Blumberq” mənbələrə istinadən məlumat dərc edib.
Qeyd olunur ki, Avropa Parlamenti seçkilərinə iki aydan az vaxt qaldığı bir müddətdə Makron AB baş nazirləri, o cümlədən İtaliya Baş naziri Ceorciya Meloni ilə keçmiş Avropa Mərkəzi Bankının (AMB) prezidenti Mario Draqinin AB-də əsas vəzifəyə seçilməsi imkanını müzakirə edib.
Nəşr qeyd edir ki, Leyen xüsusən ticarət danışıqları, iqlim dəyişikliyi və ABŞ-la münasibətlərlə bağlı narazılıqla mübarizə aparır. Emmanuel Makron onun fəaliyyətini açıq şəkildə tənqid edərkən deyib:
“Komissiyaya sədrlik ümumi maraqları qorumaq üçün nəzərdə tutulub, ona görə də onu həddən artıq siyasiləşdirmək olmaz”.
Nəşr qeyd edir ki, Makronun manevrlərindən asılı olmayaraq, Leyen hələ də seçki yarışında aşkar favorit olaraq qalır.