Makron kiçik, bədbəxt İrəvanla Putindən “qisas” alır

Makron kiçik, bədbəxt İrəvanla Putindən “qisas” alır

Ermənistan hökumətinin tələbi ilə Rusiya hərbi bazalarının Ermənistandan çıxarılması mümkündür. Hətta Rusiya şirkətlərinin aktivlərinə də həbs qoyula bilər. Ancaq bunun belə olacağı dəqiq deyil.

Bu sözləri AzerTimes-a rusiyalı politoloq Sergey Markov Ermənistanda yerləşən Rusiya bazalarının aqibəti və Moskva-İrəvan münasibətlərinin perspektivləri haqqında danışarkən deyib.

Onun sözlərinə görə, münasibətlərin gələcək inkişafının hansı məcrada davam edəcəyini proqnazlaşdırmaq çətindir:

“Rusiyanın Ermənistandakı hərbi bazasının heç bir xüsusi strateji hədəfi yoxdur. Daha doğrusu, bu məsələdə “rüsvay faktoru”, nüfuz məsələsi rol oynayır. Böyük rus general bu bazanı Ermənistanda qurub, indi kim ordan bu bazanı çıxartsa, rus ordusunun tarixinə rüsvayçı kimi düşəcək. Ola bilsin ki, Rusiya Ermənistandakı hərbi bazadan imtina etmək istəmir, amma bu bazaya həqiqətən xüsusi ehtiyacı yoxdur”.

O, Rusiya-Ermənistan münasibətlərinin gərginləşməsinin səbəblərini analiz edib:

“Rusiyanın Ermənistanla gələcək münasibətlərinə təsir edə biləcək bir neçə amil var: Paşinyan başda olmaqla Ermənistan rəhbərliyi ölkəni Rusiyadan Qərbə yönləndirməyi öz tarixi missiyası hesab edir. Bu, Nikol Paşinyanın hər zaman qərbyönlü siyasətçi olması ilə bağlıdır; Qərb son onilliklər ərzində öz gücünü nümayiş etdirir; Rusiya isə təəssüf ki, son vaxtlar “xüsusi hərbi əməliyyatlar” səbəbindən öz gücünü tam olaraq göstərmir.

Ermənistan rəhbərliyi və əhalisi Rusiya ilə müttəfiqlik münasibətlərindən məyus olublar. Onlar ümid edirdilər ki, bu müttəfiqlik əlaqələrinin köməyi ilə Qarabağ üzərində nəzarəti saxlaya biləcəklər. Rusiyanın Qarabağ üzərində nəzarəti saxlamağa kömək etmədiyi məlum olanda ermənilər başqa variantlar axtarmağa başladılar.

İndi Ermənistanın Rusiyaya bir o qədər ehtiyacı yoxdur. Çünki Rusiyanın köməyi ilə müdafiə edəcəkləri xüsusi heç nə yoxdur. Zəngəzur dəhlizi məsələsindən qorxurlar, amma bu, Qarabağ məsələsi qədər aktual deyil. Ona görə də tərəddüd edirlər”.

Markov Ermənistan və Rusiya arasında münasibətlərin kəskinləşməsinə Fransanın da təsir etdiyini bildirib. Vurğulayıb ki, bu məsələdə Parisin siyasi marağı ilə yanaşı, Makronun qisas almaq istəyi var:

“Fransa İrəvanı Qərbin müttəfiqinə çevirmək və Ermənistanı Rusiyadan qoparmaq istəyən parlaq, fəal Qərb oyunçusudur. Əvvəla, Fransada erməni diasporu çox güclüdür. Bu, mahiyyətcə Amerika və Rusiyadakı erməni diasporu ilə müqayisə oluna bilər. Bundan əlavə, Fransa Prezidenti Emmanuel Makron Rusiyadan çox incikdir, çünki Paris Mərkəzi Afrika Respublikasında, Bukina Fasoda, Malidə, indi də Nigerdə mövqelərini itirdi. O hesab edir ki, bunda Rusiya və şəxsən Putin günahkardır. Beləliklə, Makron keçmiş koloniyalarda Fransanın nüfuzunu itirdiyinə görə Putin və mərhum Priqojindən qisas almaq istəyir”.

Politoloq bildirib ki, əslində Ermənistan heç kimə lazım deyil. Bu ölkə ilə xüsusi əməkdaşlığa can atanlar da yoxdur. Sadəcə güclü diaspor sayəsində ölkələr Ermənistanı tez-tez yada salmalı olur:

“Ermənistan çətin əməkdaşlıq edən, illər, hətta onilliklər boyu danışıqlar aparan, danışıqlar apara bilmədiyini dəfələrlə nümayiş etdirən, kiçik, dağlıq respublikadır. Təbii sərvətləri olmayan bir ölkədə ya hökumət güllələnəcək, ya inqilab edəcəklər – onlar sadəcə, heç kimə lazım deyillər. Buna görə də heç kim Ermənistan üçün döyüşməyəcək. İrəvan Fransa və Avropa Birliyinə də lazım deyil. Lakin Ermənistanı Rusiyadan qoparmağa hazırdırlar, amma bununla kim məşğul olacaq? Vaxt yoxdur. Ukrayna, Fələstin-İsrail münaqişəsi, daxili iqtisadi vəziyyət, Çin… – həll olunası çoxlu müxtəlif problemlər var. Ona görə də heç kim Ermənistana sadəcə, əl yetirə bilməz. Paşinyan da bilir ki, Ermənistan heç kimə lazım deyil. Əgər Azərbaycanla müqayisə etsək, aralarında göy-yer qədər fərq var. Azərbaycanın əhalisi, iqtisadiyyatı Ermənistandan bir neçə dəfə böyükdür, onun müasir dünyanın ən mühüm təbii sərvətlərindən biri olan neft və qazı var. Azərbaycan önəmli və qüdrətli dövlət olan Türkiyə və çox mühüm amil olan geniş İslam dünyası ilə sıx bağlıdır. Ona görə də Azərbaycanla münasibətlər bir çox ölkələr üçün Ermənistanla münasibətdən iki pillə daha vacibdir. Əslində, Ermənistanla münasibətlər yalnız üç ölkəyə aiddir: ABŞ, Fransa və Rusiya. Çünki orada güclü erməni diasporu var və bu diaspor daima öz ölkələrinin rəhbərliyinə “kiçik, kasıb, dağlıq, bədbəxt və danışıqlar aparmaq qabiliyyəti olmayan Ermənistan Respublikasını” yada salırlar”.

Markov hesab edir ki, Rusiya ilə Ermənistan arasında gələcək münasibətlər təsadüfi amillərdən asılı olduğundan onları proqnozlaşdırmaq çətindir:

“Dəqiq deyə biləcəyimiz odur ki, Paşanyan Ermənistanı addım-addım Qərbə doğru aparacaq. Rusiyanın indi Paşinyanı başqası ilə əvəz etmək üçün imkanı yoxdur. Paşinyana əsas alternativ ola biləcək və müxalifətdə əhəmiyyətli yeri olan qüvvə Köçəryanın qruplaşmasıdır, lakin onun hakimiyyətə gəlmək şansı dəqiq yoxdur. Çünki onun antireytinqi çox yüksəkdir. Ermənistan əhalisi Qarabağ ermənilərinin yenidən hakimiyyətə gəlməsindən və ölkəni yenidən çıxılmaz vəziyyətə salacaqlarından qorxur.

İndi belə bir çətin vəziyyət yaranıb: Rusiya Ermənistanla nə edəcəyini bilmir, Avropa Birliyi və ABŞ-ın Ermənistana vaxtı yoxdur. Paşinyan tam olaraq nə edəcəyinə əmin deyil. Belə şəraitdə isə vəziyyət, amerikalıların sözü ilə desək, “fleksibl”dir, yəni titrək qeyri-sabitdir. Odur ki, hər şey ola bilər”.

Teqlər: