Makron: Fransa ilə Azərbaycan arasında əlaqələr bundan sonra da dostluq və etimad ruhunda möhkəmlənəcək

Fransa Respublikasının Prezidenti Emmanuel Makron Fransa və
Azərbaycan arasında diplomatik münasibətlərin qurulmasının 30
illiyi münasibətilə Azərbaycan Respublikasının Prezidenti İlham
Əliyevə təbrik məktubu göndərib.

AzerTimes-ın məlumatına görə,
Fransa Prezidenti məktubunda Azərbaycanın öz müstəqilliyini,
inkişafını və ölkələrimizin bağlı olduğu dünyəviliyi
möhkəmləndirməyi bundan sonra da davam etdirəcəyinə ümidvar
olduğunu bildirib.

Məktubda deyilir: “Bu illər ərzində Fransa və Azərbaycan
iqtisadi, mədəni və təhsil sahələrində tərəfdaşlığa əsaslanan,
Fransa və Azərbaycan arasında dostluğun bünövrəsi sayılan
Fransa-Azərbaycan Universiteti və Bakıdakı Fransız Liseyi kimi
ümumi uğurlarla əlamətdar olan möhkəm əlaqələr qura bilmişlər.
Fransa İnkişaf Agentliyi infrastruktur və kommunikasiya sahələrində
layihələr həyata keçirməkdədir.

Prezident Heydər Əliyevin Prezident Fransua Mitteranla 1993-cü
ildə imzaladığı dostluq, anlaşma və əməkdaşlıq haqqında müqavilə
əsasında qurulan bu münasibətlər həm də mənim çox bağlı olduğum ən
yüksək səviyyədə siyasi dialoqa əsaslanır. Azərbaycan Prezidenti
kimi ilk səfərlərinizi Fransaya etdiyinizi unutmamışıq”.

Məktubda qeyd olunur ki, Fransa həm də ATƏT-in Minsk qrupunun
həmsədri kimi, regionda ədalətli, davamlı sülh və rifah mənbəyi
üçün səyləri dəstəkləmək öhdəliyinə tam sadiqdir.

“Mən Sizinlə və Ermənistanın baş naziri ilə Avropa İttifaqı
Şurasının sədrinin yanında apardığınız son mübadilələrimizin
konstruktiv ruhunu alqışlayıram. Fransa müzakirə etdiyi bütün
mövzularda irəliləyişə nail olmaq üçün öz dəstəyini verməyə
hazırdır. Mən qorunmalı olan irs məsələsi və UNESCO-nun missiyası
barədə toxunduğumuz mövzu haqqında da xüsusilə düşünürəm.

Fransa, həmçinin Azərbaycan ilə Avropa İttifaqı arasında Şərq
tərəfdaşlığı və iştirak etdiyimiz 15 dekabr Zirvə görüşündə müəyyən
edilmiş prioritetlər çərçivəsində əlaqələri gücləndirmək
arzusundadır.

Ümidvaram ki, ikitərəfli əlaqələrimiz bundan sonra da dostluq və
etimad ruhunda möhkəmlənəcəkdir. Əmin olun ki, Fransa buna fəal
şəkildə töhfəsini verəcəkdir”, – deyə Fransa Prezidenti
vurğulayıb.

Teqlər: