Makron əliboş qayıtdı: bəs, niyə getmişdi?

Makron əliboş qayıtdı: bəs, niyə getmişdi?

Fransa Prezidenti Emmanuel Makronla Avropa Birliyi Komissiyasının rəhbəri Ursula fon der Leyenin Çinə birgə səfəri başa çatıb. Gözlənildiyi kimi, Pekində əsas mövzu Ukrayna olub. AB Çinin Rusiyaya dəstəyindən narahatdır. Daha böyük narahatlıq Çinin İran kimi Rusiyaya silah və hərbi texnika göndərməsi ehtimalı ilə bağlıdır.

AzerTimes xəbər verir ki, bu sözləri “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu qeyd edib.

O bildirib ki, Pekinin Ukrayna məsələsində mövqeyi dəyişməyib və bu səfərlərin böyük nəticəsi yoxdur:

“Çin lideri Si Szinpin Fransa Prezidenti Emmanuel Makronla Pekində keçirilən danışıqlardan sonra birgə bəyannamə qəbul ediblər. Ortaq fikir sadəcə bundan ibarət olub ki, tərəflər Ukrayna məsələsi ilə bağlı danışıqlara başlamalı və problem sülh yolu ilə həll olunmalıdır. Buna baxmayaraq, Çin lideri Rusiyanı qınamaqdan imtina edib. Halbuki, ortaq mətbuat konfransında Fransa Prezidenti Çin liderinə müraciət edərək, Rusiyanı işğala son qoymağa çağırıb. Makron Pekində bildirib ki, Avropa Ukrayna torpaqlarının işğalı ilə barışmayacaq və Rusiya heç bir halda Belarusda nüvə silahı yerləşdirməməlidir. Szinpin Emmanuel Makronun bu çağırışını dəstəkləməyib. Szinpinin yeganə güzəşti o olub ki, Çin lideri Ukrayna Prezidenti Vladimir Zelenskiyə telefon zəngi edəcəyini vəd verib. Ancaq Szinpin bunun nə zaman baş verəcəyini dəqiqləşdirməyib”.

Ekspertin fikrincə, Çin lideri əvvəlkitək hesab edir ki, müharibənin başlanmasında NATO günahkardır:

“Szinpin NATO-nun Rusiyanın Ukraynadakı təhlükəsizlik maraqlarını nəzərə almalı olduğunu düşünür.

Beləliklə, Fransa Prezidentinin və AB Komissiyasının rəhbərinin Pekinə səfəri nəticəsiz qalıb. Bu, əvvəlcədən də bəlliydi. Belə olan halda Makron və Ursula fon der Leyen hansı səbəbdən Pekinə səfər ediblər? Görünür, Avropa təmsilçilərinin bu səfərləri Pekinə xəbərdaqlıq əhəmiyyəti daşıyır ki, Çin Rusiyaya hərbi texnika və silah versə, AB Çinə qarşı sanksiyalar tətbiq edəcək. Brüssel Pekinin Kremldən Ukrayna məsələsinə görə məsafə saxlamasını istəyir. Çinin AB ilə sıx iqtisadi əlaqələri var. İyun ayında AB-Çin sammiti planlaşdırılır. Vaşinqtondan fərqli olaraq, Brüssel Çinlə iqtisadi əlaqələri zəiflətmək istəmir. Ancaq əgər Pekin Rusiyaya silah və hərbi texnika verərsə, Brüssel Pekinlə iqtisadi əlaqələri zəiflətmək məcburiyyətində qalacaq və Çin böyük Avropa bazarını itirəcək”.

Teqlər: