Makron daha bir sarsıdıcı məğlubiyyətə gedir – Düpüy

Makron daha bir sarsıdıcı məğlubiyyətə gedir – Düpüy

Seçkidən əvvəl Makronun İntibah Partiyası Avropa Parlamentində 24 deputatla təmsil olunurdu, indi isə onların sayı 13-ə düşdü.

Bu sözləri AzerTimes-a Makronun İntibah Partiyasının AP-yə seçkilərdə məğlub olması barədə danışan fransız ekspert, Avropada Perspektiv və Təhlükəsizlik İnstitutunun (IPSE) prezidenti Emmanuel Düpüy deyib.

Düpüy hakim İntibah Partiyasının parlamentdə mütləq çoxluğu itirmək ehtimalının yüksək olduğunu qeyd edib:

“AP seçkilərində məğlubiyyətdən sonra Makron parlamenti buraxdı, 30 iyunda seçkilərin ilk turu keçiriləcək. Makronun partiyasının parlament çoxluğunu qorumaq şansı çox azdır. O, böyük ehtimalla 100-120 yeri itirəcək. Bu yaxınlarda keçirilən sorğuda Jordan Bardelanın və Marin Le Penin Milli Birlik (Milli Cəbhə) Partiyası, eyni zamanda İntibah Partiyası səslərin 33%-ni, Birləşmiş Sol 23%-ni, MoDem (Demokratik Hərəkat və Müstəqillər Qrupu) isə geridə qalanını toplayıb. Beləliklə, qarşıdakı seçkilərdə Makronun mütləq çoxluğu (289 yer) itirəcəyi dəqiqdir. Qarşı tərəfin millət vəkili sayı isə 88 nəfər artacaq və çox güman ki, 200-dən çox olacaq. Əlbəttə, bununla bağlı müxtəlif proqnozlar var. Bəziləri bu sayın 243, bəziləri isə 305 olacağını deyir”.

Ekspert Makronun çox çətin seçim qarşısında qaldığını vurğulayıb:

“İndi isə əsas məsələ odur ki, mühafizəkarlar ilə Respublikaçılar Partiyası, liberal-konservativlər və digər siyasi qrupların birgə koalisiya qurmaq, yaxud hansısa bir formada yaxınlaşmaq barədə ilkin razılığı var. Lakin Respublikaçılar Partiyasının tərəfdarları ifrat sağçılar ilə koalisiyaya qarşıdırlar. Yəqin ki, Makron da İntibah Partiyasının parlamentdə mütləq çoxluğu itirməsini və bu faktı dəyərləndirməli olacaq. Konstitusiyaya görə prezidentin baş nazir postuna namizəd irəli sürmək öhdəliyi yoxdur. Ancaq fikrimcə, Milli Assambleya Milli Birlik Partiyasının sədri Jordan Bardelanın baş nazirliyə namizədliyi irəli sürəcək, Makron isə məcburi şəkildə bunu təsdiqləyəcək. Yəni qarşıda iki seçim var. Prezident ya bütün gücünü itirəcək, ya da ifrat mühafizəkarların əlini sıxmalı olacaq”.

Qeyd edək ki, hazırda Milli Assambleyada 577 nəfər millət vəkili var.

Teqlər: