Makron Bakıya qarşı: dağıdıcı, antiqərb… – Avropa KİV

Makron Bakıya qarşı: dağıdıcı, antiqərb… – Avropa KİV

Kremlin postsovet ölkələrində separatizmi dəstəkləyən güclü müttəfiqləri var. Onlar AB-nin maraqlarına zidd mövqe tuturlar. Onların arasında Cənubi Qafqazda, yəni Qarabağda separatizmi açıq şəkildə dəstəkləyən Fransa Prezidenti Emmanuel Makron da yer alır.

AzerTimes xəbər verir ki, bu barədə Bolqarıstanın “Sofia Qlob” nəşrində yayımlanan ukraynalı politoloq İqor Çalenkonun məqaləsində deyilir.

“İyunun 27-də erməni icmasının nümayəndələri ilə görüşdə Emmanuel Makron deyib ki, Qarabağ məsələsi ilə bağlı aydın mövqeyi və mesajı olan yeganə şəxs mənəm. Bu məsələdə “qətiyyətinə” işarə edən Makron hər cür səy göstərməyə davam edəcəyini vurğulayıb. Məhz bu kontekstdə o Fransanın ilk dəfə olaraq Ermənistandakı səfirliyinə hərbi attaşe göndərdiyini də bildirib. Makronun Marseldəki bəyanatı onun Qarabağda separatizmi dəstəkləməsinə sübutdur. Fransa Prezidenti etiraf edib ki, Avropanın qalan hissəsi onun mövqeyini bölüşmür. Bu baxımdan Makronun Cənubi Qafqazdakı siyasəti AB-nin Ermənistanla Azərbaycan arasında sülhün bərqərar olmasına yönəlmiş xarici siyasətinə tamamilə ziddir. Əgər Fransanın mövqeyi nə Qərbə, nə də Ukraynaya sərfəli deyilsə, Makronun belə siyasəti kimə sərfəlidir? Əsas benefisiarlar Rusiya və İrandır”, – o bildirib.

Çalenko qeyd edib ki, Bakıya qarşı təsir rıçaqlarını təmin etmək istəyən Moskva hətta Ermənistanın Baş nazirinin Azərbaycanın suveren ərazisi kimi tanıdığı Qarabağa erməni separatçıları cəlb etmək niyyətindədir:

“Moskva və Tehran Qarabağdakı separatçı birləşmələri Azərbaycanın enerji resurslarının AB-yə tədarükü üçün “qırıcı” hesab edirlər. Üstəlik, mətbuatda gedən çoxsaylı ictimai açıqlamaları və ekspert qiymətləndirmələrini təhlil edərək belə qənaətə gəlmək olar ki, Azərbaycan və İsrailə qarşı birləşən Fransa-İran-Rusiya ittifaqı yaranıb. Amerika mediası Makronun Cənubi Qafqazdakı siyasətinin Moskva və Tehranın regional maraqlarına xidmət etdiyini, həmçinin Vaşinqton və Brüsselin Bakı ilə İrəvan arasında sülh nizamlanmasına nail olmaq səylərinə zidd olduğunu yazır. Rusiya və müttəfiqlərinin hərbi təcavüzündən əziyyət çəkən Ukrayna da Makronun separatizmi təşviq etməsindən narahatdır. Ukrayna mediası qeyd edir ki, Azərbaycanla tərəfdaşlıq sayəsində AB Rusiyanın enerji resursları olmadan da problemlərinin öhdəsindən gələ bilir. Makron erməni diasporundakı radikal ünsürlərin girovuna çevrilib. Səsvermə hüququna malik olan erməni əsilli bütün Fransa vətəndaşlarının sayı 600 minə yaxındır. Bu, ümumi seçicilərin cəmi 1%-ni təşkil edir. Lakin Avropanın böyük ölkələrindən birinin prezidenti erməni radikallarının təsiri altındadır. Bakı bu münaqişədə təcavüzkar deyil, lakin Moskvanın köməyi ilə həyata keçirilən “Böyük Ermənistan” layihəsinin “memarlarının” qurbanı olub.

Makron Fransanın Erməni Təşkilatları Koordinasiya Şurasının həmsədri Murad Papazyana zəng edərək AB diplomatlarından şikayət edib və deyib ki, yalnız onu Qarabağın gələcəyi maraqlandırır və danışıqlar prosesinin digər iştirakçıları (Şolts, Mişel – red.) Qarabağı Azərbaycanın ayrılmaz hissəsi hesab edir. Bütün bunların fonunda Avropa və Amerika KİV-ləri yekdilliklə Makronun Cənubi Qafqazdakı dağıdıcı rolundan yazır. Demək olar ki, Fransa və Rusiya liderləri vasitəçilik ritorikasının arxasında gizlənərək Qafqazda münaqişənin genişlənməsinə təkan verirlər. Kreml Fransanın xarici siyasətini diktə edir. Bəlkə də buna görədir ki, ölkədəki nüfuzlu qüvvələr Ukraynanın qələbəsində maraqlı deyillər və Rusiya-Ukrayna müharibəsindən diqqətlərini Azərbaycana yönəldirlər. Fransa siyasətçiləri Ermənistanı dəstəkləməklə dünyanın siyasi diqqətini Ukraynadakı müharibədən Cənubi Qafqaza çevirməyə çalışırlar. Makronun Cənubi Qafqazdakı siyasəti Putinin maraqlarına uyğundur və onların hər ikisi Vaşinqtonun Ermənistanla Azərbaycan arasında sülhə nail olmaq səylərinə mane olur”.

Teqlər: