Fransa Prezidenti Emmanuel Makronun 13 iyul 2022-ci il tarixli Fərmanı ilə Azərbaycan əsilli tanınmış müsuqiçi Adilə Əliyeva ölkənin ən yüksək hərbi və mülki dövlət mükafatı olan “Fəxri Legion” ordeni ilə təltif olunub.
Bu barədə AzerTimes-a Diasporla İş üzrə Dövlət Komitəsindən məlumat verilib.
Bildirilib ki, Fransanın milli bayramıı ərəfəsində imzalanan Fərmanda bildirilib ki, pianoçu, klassik musiqi festivalının təsisçisi Adilə Əliyeva musiqi sahəsində 46 illik xidmətinə əsasən bu mükafata layiq görülüb.
Azərbaycanın əməkdar artisti, Fransa Ali Beynəlxalq Musiqi Akademiyasının direktoru, professor Adilə Əliyeva bu xoş xəbərin sevincini dostları ilə bölüşüb: “Əziz dostlar! Məmnuniyyətlə bildirirəm ki, bu gün Fransa Respublikasının Prezidenti cənab Emmanuel Makronun Fərmanı ilə mənə kavaler rütbəsi ilə “Fəxri Legion” ordeni verildi”.
Bakı şəhərində anadan olan soydaşımız Bülbül adına orta ixtisas musiqi məktəbini və Pyotr Çaykovski adına Moskva Dövlət Konservatoriyasını bitirib. Onun 50-dən çox ölkədə konsertləri təşkil edilib, məşhur səsyazma studiyalarında 30-dan çox kompakt diski yazılıb. Soydaşımızın konsert proqramına Qara Qarayev, Cövdət Hacıyev, Tofiq Quliyev, Oqtay Rəcəbov, Vaqif Mustafazadə, Arif Məlikov və digər Azərbaycan bəstəkarlarının da əsərləri daxildir. O, “Raxmaninov konsertlərinin ən yaxşı ifaçısı” mükafatına layiq görülüb, “Beynəlxalq VILLA-LOBOS” və “Zaqafqaziya” müsabiqələrinin laureatı olub.
Hazırda Fransanın Annemas şəhərində yaşayan A.Əliyeva 2001-ci ildən Fransa Beynəlxalq Musiqi Akademiyasının direktorudur. 1996-cı ildən etibarən Adilə Əliyeva adına Pianoçuların Beynəlxalq Müsabiqəsi keçirilir. Fransa və İsveçrədə iki ildən bir təşkil edilən müsabiqə dünyanın müxtəlif ölkələrindən, o cümlədən Azərbaycandan olan istedadları üzə çıxarır, onları tanıdır və təhsillərinin xaricdə davam etdirilməsi üçün şərait yaradır.
Diasporla İş üzrə Dövlət Komitəsi ölkəmizin həqiqətlərinin və mədəniyyətinin təbliğində fəal iştirak edən hörmətli və sevimli Adilə xanım Əliyevanı bu yüksək mükafata layiq görülməsi münasibətilə ürəkdən təbrik edir, yaradıcılıq, ictimai və diaspor fəaliyyətində davamlı uğurlar qazanmağı arzulayır.