Son günlər bəzi ev alqı-satqısı ilə məşğul olan dəllallar (maklerlər) tərəfindən Nazirliyin onlayn qaydada satışa çıxardığı mənzillərin alınmasında vasitəçilik təkliflərinə dair elanlara rast gəlirik.
AzerTimes xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyindəki Sosial Xidmətlər Agentliyinin İctimaiyyətlə Əlaqələr Şöbəsinin müdiri Murad Həşimov məlumat yayıb.
M.Həşimov sui-istifadə, insanları aldadaraq qazanc əldə etmək məqsədi daşıyan belə vasitəçilik elanlarına, təkliflərinə aldanmamağa çağırıb:
“Çünki mənzillərin satışı ms.sosial.gov.az portal üzərindən onlayn qaydada aparılacaq. Ona görə də, burada vasitəçiyə heç bir ehtiyac yoxdur. Hər kəs də asan və rahat şəkildə həmin portala daxil olub, satışa çıxarılan mənzillərlə ətraflı tanış ola bilər. Seçdiyi mənzili də gələn həftənin ilk günü, bazar ertəsi saat 10-dan (onlayn satışa həmin vaxt başlanacaq) sonra bron edərək ala bilər. Mənzillərin satış prosesi barədə yayımlanmış videotəlimatda bu barədə ətraflı məlumat təqdim olunur.
Qeyd edək ki, sözügedən Bakının Ramana, Ümid, Kürdəxanı qəsəbələrində, Abşeron və Samux rayonlarında yerləşən yeni yaşayış binalarındakı tam təmirli, istifadə edilməmiş, çıxarışlı, bankların ipoteka krediti ilə də alınması mümkün olan mənzillərdir.