Belarusun xarici işlər naziri Vladimir Makeyin bölgə üçün mürəkkəb və ağrılı proseslərin getdiyi bir zamanda qəfil ölümü bəzi müəmmalı versiyaları da gündəmə gətirib.
AzerTimes “Azadlıq” radiosuna istinadən xəbər verir ki, Vladimir Makeyin hansı səbəbdən vəfat etdiyi, ümumiyyətlə hər hansı bir xəstəliyi olub-olmaması barədə məlumat verilməyib. Çünki, o, elə bu həftə Belarus nümayəndə heyətinin tərkibində İrəvanda keçirilən KTMT sammitində iştirak edib, bir gün əvvəl isə Vatikanın nümayəndəsi ilə görüşüb.
Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova Moskvanın “Belarus xarici işlər naziri Vladimir Makeyin ölümü ilə bağlı xəbərdən şoka düşdüyünü” söyləyib.
Qeyd edək ki, 2020-ci ilə qədər Rusiyanın Kremlyönlü mediası və Telegram kanalları Makeyi dəfələrlə Belarusla Qərb arasında münasibətləri düzəltmək, Rusiyanın maraqlarına ziyan vurmaqda ittiham edirdilər. Lakin Makey bununla bərabər Aleksandr Lukaşenkonun siyasətini, ardıcıl şəkildə müdafiə edən bir adam kimi tanınıb.
Qərb ölkələrindən yalnız Kanada Vladimir Makeyə qarşı sanksiyalar tətbiq edib. Vəfat edən nazir ABŞ və AB-nin sanksiya siyahısında olmayıb.