Mahir Quliyevin səhhəti pisləşdi

Mahir Quliyevin səhhəti pisləşdi

Vəzifə səlahiyyətlərini aşmaqda və digər cinayətlərdə ittiham olunaraq həbs edilən Biləsuvar rayon İcra Hakimiyyətinin sabiq başçısı Mahir Quliyevin səhhəti pisləşib.

AzerTimes xəbər verir ki, bu barədə Mahir Quliyevin vəkili Ceyhun Yusifov bildirib.

Qeyd edib ki, sabiq icra başçısının səhhətinin yaxşı deyil, onun xəstəxana şəraitində müalicəyə ehtiyacı var.

Bildirilib ki, həbsxanada koronavirusa yoluxmuş Mahir Quliyevin vəziyyəti ağır olaraq qalır: “O, həbs edilməzdən təxminən 10 gün əvvəl ağır formada infarkt keçirib, ürəyinə 3 stend qoyulub.

Bundan əlavə, Mahir Quliyev hipertoniya, diabet, qaraciyərin xroniki ağır infeksion xəstəliyi, kəskin ürək çatışmazlığı kimi xəstəliklərdən də əziyyət çəkirdi. Buna görə də həbsxanada koronavirusa yoluxarkən ölüm təhlükəsi ilə üzləşmişdi. Təhlükəli risk qrupuna daxil olduğu üçün koronavirusa qarşı ölkəmizdə ən ixtisaslaşmış tibb ocaqlarından olan Dövlət Gömrük Komitəsinin Hospitalına yerləşdirilmiş və orada iki ay müddətində intensiv müalicə olunmuşdu. Buna baxmayaraq, təxminən 2 ay komada qalmış, süni tənəffüs aparatına qoşulmuşdu.

Əlavə olaraq, əməliyyat yolu ilə boğazından dəlik açılıb xüsusi cihaza qoşulmuşdu. Peşəkar həkim heyətinin səyləri nəticəsində həyatı xilas edilmişdi.

Sonradan Bakı Reabilitasiya Mərkəzinə köçürülmüş, 3 ay orada müalicə almışdı. Orada da çənə sümüyündən cərrahi əməliyyat olundu. Onkoloji xəstəlik şübhəsi olduğu üçün sabiq icra başçısından biopsiya alınıb. Hazırda vəziyyəti kafi qiymətləndirilsə də, keçirdiyi ağır xəstliklərdən zəif və halsız vəziyyətdədir. Nəfəs çatışmazlığı, yüksək təzyiq, diabet və aşağı saturasiya onun xəstəxana şəraitində müalicə almasını zəruri edir”.

Qeyd edək ki, Mahir Quliyev Dövlət Təhlükəsizliyi Xidmətinin 2020-ci il aprelin 29-da keçirdiyi əməliyyat-istintaq tədbirləri nəticəsində həbs edilib.

İstintaq orqanı tərəfindən Mahir Quliyevə Cinayət Məcəlləsinin 179-cu (mənimsəmə və israf etmə), 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə), 311.3.2-ci (təkrar rüşvət alma) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham elan edilib.

Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Mahir Quliyev 11 il azadlıqdan məhrum olunub.

Teqlər: