Mahaçqala hadisələri Rusiya elitasının və cəmiyyətinin köklü antisemitizmini əks etdirir.
AzerTimes xəbər verir ki, bunu Ukrayna Xarici İşlər Nazirliyinin sözçüsü Oleq Nikolenko iğtişaşlarda Kiyevin əli olması ilə bağlı Rusiyanın eyhamlarına cavab verərkən deyib.
“Yəhudiləri öldürməklə hədələmək, onilliklər ərzində ruslar arasında digər xalqlara nifrət hissi aşılayan Rusiya dövlət təbliğatının işinin nəticəsidir. Bir müddət əvvəl Rusiya prezidenti Vladimir Putin və xarici işlər naziri Sergey Lavrov təhqiramiz antisemit bəyanatlar veriblər.
Rusiya Xarici İşlər Nazirliyinin Ukraynanı Dağıstanda baş verən hadisələrdə iştirakda ittiham etməsi məsuliyyəti Kiyevin üstünə atmaq cəhdidir”, – Nikolenko vurğulayıb.
Qeyd edək ki, ötən gün Mahaçqala hava limanına yerli sakinlərdən ibarət böyük izdiham hücum edərək, yəhudilərin respublika ərazisindən çıxarılmasını tələb edib. Qarşıdurmalarda polislər xəsarət alıb, həbs olunanlar var. Mahaçqala hava limanı fəaliyyətini müvəqqəti olaraq dayandırıb.