Macarıstanın enerji şirkəti MOL Rusiya xam neftinin Ukrayna ərazisindən keçən boru kəməri ilə davam etdirilməsini təmin edəcək razılaşma əldə edib.
AzerTimes xəbər verir ki, bu barədə “Blumberq” agentliyi məlumat yayıb.
Qeyd olunur ki, Macarıstan şirkətinin bəyanatı Ukraynanın Rusiyanın işğalına cavab olaraq “Lukoyl”un ondan tranzit ölkə kimi istifadəsini davam etdirməsinə faktiki qadağa qoymasından sonra verilib. Müqaviləyə əsasən, Macarıstan və Slovakiyadakı neft emalı zavodlarına nəzarət edən MOL sentyabrın 9-dan Belarus-Ukrayna sərhədində xam neft tədarükünü öz üzərinə götürüb. Əvvəllər Rusiya tərəfi xam neftin Macarıstan və Slovakiyadakı Ukrayna ilə sərhədə yaxın ərazilərə daşınmasına cavabdeh idi.
“Yeni razılaşma xam neftin “Drujba” boru kəməri ilə nəqli üçün davamlı həll yolu təqdim edir”, – MOL şirkətinin icraçı vitse-prezidenti Qabriel Szabo bildirib.