Yanvarın 1-dən pensiya və maaşlar artırılsa da, ictimaiyyətdə yenə də narazılıqlar var. İnsanlar bu artımdan sonra ərzağın 20-50 faiz aralığında bahalaşdığını bildirirlər. Bəs bu il bahalaşma nəzərə alınaraq maaş və pensiyalar yenidən artırıla bilərmi?
AzerTimes xəbər verir ki, ekspert Natiq Cəfərli Globalinfo.az-a deyib ki, maaş və pensiyaların yenidən artırılması üçün büdcəyə əlavələr və dəyişiklər edilməlidir.
Onun sözlərinə görə, bunu başqa cür etmək mümkün deyil:
“Yaxın zamanlarda belə bir dəyişikliklərin olacağını düşünmürəm, amma bizdə son illər may-iyun aylarında büdcəyə yenidən baxılır. Ola bilər ki, elə may və iyun ayında büdcəyə yenidən baxılarkən müəyyən artımlar nəzərdə tutulsun”.
İqtisadçı deyib ki, maaş və pensiyaların yenidən artırılması may-iyun aylarına qədər Azərbaycandakı iqtisadi vəziyyətin rəqəmsal ifadəsindən asılı olacaq:
“Yəni artım məhz neft qiymətlərindən, neftin hasilatından, Azərbaycanın əlavə gəlir əldə edib-etməməsindən asılı olacaq. Bunlar baş verərsə, neftin qiyməti də kifayət qədər konfortlu zonada olarsa, ola bilər ki, may-iyun aylarında büdcəyə yenidən baxılsın. Bu zaman müəyyən yeni artımlar da nəzərdə tutula bilər”.