M1 magistral yolunda tikinti-bərpa işləri sürətlə davam etdirilir – AAYDA (FOTO/VİDEO)

Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil
yolunda tikinti-bərpa işləri Prezident İlham Əliyevin tapşırığına
uyğun Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA)
tərəfindən 2022-ci ilin iş planına daxil edilib və hazırda icrası
təmin olunur. Cəmiyyətdə isə tikinti-bərpa işlərinin başlanılması
ilə bağlı müxtəlif əsassız fikirlər səsləndirilir.

AAYDA-dan AzerTimes-a bnildirilib ki, Rusiya Federasiyası ilə dövlət
sərhədi istiqamətində yeni avtomagistral inşa edilir. Ödənişli
olması nəzərdə tutulan avtomagistraldan hər-hansı bir səbəbdən
istifadə etmək istəməyən vətəndaşlarımıza ədalətli və bərabər
imkanlara sahib alternativ seçim təmin etmək üçün mövcud
Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolu
bərpa edilir. Qeyd edək ki, hər iki yolda tikinti işlərinin cari
ilin sonuna qədər yekunlaşdırılması planlaşdırılır.

Hazırda mövcud Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi
avtomobil yolunda tikinti-bərpa işləri magistral yolun 88-ci km-dən
başlayaraq Bakı şəhəri istiqamətində 66 km-lik hissədə
aparılır.

Aparılan işlər zamanı yolun hərəkət hissəsinin deformasiyaya
uğramış və dağılmış hissələri, yararsız monolit-beton, həmçinin yol
əsasının yararsız qruntu qazılaraq çıxarılır. Daha sonra yararlı
qrunt tökülərək yenidən kipləşdiriləcək, qırmadaş layı döşənərək
yeni yol əsasının tikintisi aparılacaq. Bu işlər yekunlaşdıqdan
sonra yola yeni asfalt-beton örtüyü döşənəcək.

Təmir-bərpa işləri ilə sözügedən yolboyu avtonəqliyyat
vasitələrinin rahat və təhlükəsiz hərəkətinə maneə yaradan
problemlər tam olaraq aradan qaldırılacaq.

Avtomobil yolunda hərəkət intensivliyi nəzərə alınaraq işlər
hissə-hissə aparılır. İşlərin aparıldığı ərazidə avtonəqliyyat
vasitələrinin hərəkəti tam olaraq məhdudlaşdırılıb. Təmir-bərpa
işləri aparılan müddət ərzində əks istiqamət üzrə avtonəqliyyat
vasitələrinin 2 tərəfli hərəkəti təmin edilib.

Əks istiqamət üzrə 2 tərəfli hərəkətin təhlükəsiz və maneəsiz
təmin olunması üçün ərazidə əlavə təhlükəsizlik tədbirləri görülüb,
müvafiq nişanlanma xətlərinin çəkilişi və müvəqqəti yol
nişanlarının quraşdırılması işləri aparılıb.

Sürücülərdən bir daha təmir-bərpa işlərinin aparılmasına
anlayışla yanaşmaları, sözügedən ərazidə hərəkətdə olarkən diqqətli
olmaları, müvəqqəti yol nişanlarının tələblərinə və yol hərəkəti
qaydalarına riayət etmələri xahiş olunur.

Teqlər: