“Lukoil” Xəzərdəki “Dostluq” yatağının operatoru olmaq niyyətindədir

Rusiyanın “Lukoil” şirkəti Xəzər dənizinin Azərbaycan və Türkmənistan sektorlarının sərhədində yerləşən “Dostluq” neft və qaz kondensatı yatağına qoşulmaq istiqamətində danışıqlar aparır və yatağın operatoru olacağını gözləyir.

Trend TASS-a istinadən xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında şirkətin prezidenti Vahid Ələkbərov deyib.

Onun sözlərinə görə, hazırda “Dostluq” yatağı üzrə danışıqlar aparılır: “Bu prosesdə fəal iştirak edirik. Həm Türkmənistan Prezidentinə, həm də Azərbaycan Prezidentinə “Lukoil” şirkətini bu işə cəlb etdiklərinə görə minnətdarıq. Növbəti hökumətlərarası saziş və hasilatın pay bölgüsü (PSA) müqaviləsi hazırlanır. Bu layihənin operatoru olmaq istəyirik, payı hələ bilmirik”.

Xatırladaq ki, Azərbaycan və Türkmənistanın dəniz sərhədində yerləşən “Dostluq” neft və qaz kondensatı yatağı 1986-cı ildə Azərbaycan neftçiləri tərəfindən kəşf edilib. Cari il yanvarın 21-də Türkmənistanın paytaxtı Aşqabad şəhərində “Azərbaycan Respublikası Hökuməti ilə Türkmənistan Hökuməti arasında Xəzər dənizində “Dostluq” yatağının karbohidrogen resurslarının birgə kəşfiyyatı, işlənməsi və mənimsənilməsi haqqında Anlaşma Memorandumu” imzalanıb.

Teqlər: