Xəbər verdiyimiz kimi, Belarus Prezidenti Aleksandr Lukaşenko 16-17 may tarixlərində Azərbaycanda rəsmi səfərdə olub.
AzerTimes xəbər verir ki, Lukaşenkonun Prezident İlham Əliyevlə görüşdə dediyi sözlər, xüsusilə Füzuli və Şuşaya səfər etməsi, o cümlədən 44 günlük müharibəni torpaqların azad edilməsi savaşı olaraq ədalətli dəyərləndirməsi erməni ekspertlər arasında “narahatlıqla” qarşılanıb. Onların fikrincə, Belarus Ermənistanla birgə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) və Avrasiya İqtisadi İttifaqının üzvüdür, buna baxmayaraq, Lukaşenko Azərbaycanla münasibətləri hər zaman İrəvandan qat-qat üstün tutub.
Rusiyalı politoloq Sergey Markedonov da bu məsələyə toxunub. O, sosial şəbəkə hesabında bildirib ki, Lukaşenko ölkəsinin Ermənistanla KTMT və Aİİ-də tərəfdaş olmasına baxmayaraq, Azərbaycanın ərazi bütövlüyününün bərpasını açıq şəkildə dəstəklədi, 44 günlük savaşın nəticələrini müdafiə etdi və işğaldan azad edilən ərazilərdəki yenidənqurma işlərində birbaşa iştirak qərarını nümayişkaranə şəkildə elan etdi.
Onun fikrincə, bunun əsas səbəblərindən biri Azərbaycanla iqtisadi əlaqələrdir – Belarusla Azərbaycan arasında tiracərt dövriyyəsi son 10 ildə əhəmiyyətli dərəcədə artıb. İkinci səbəb hərbi-siyasi əməkdaşlıqdır, belə ki, Belarus Azərbaycana hərbi məhsullar ixrac edib (“Polonez”lər nəzərdə tutulur – red.).
Markedonov üçüncü səbəb kimi beynəlxalq vəziyyəti, Qərbin sanksiyaları nəticəsində Belarusun daha çox dost tapmaq istəyini, o cümlədən Fransa timsalında Azərbaycana təzyiq etməyə çalışan ölkələrə münasibətdə “ümumi yanaşmanı” göstərib.
Qeyd edək ki, Markedonov bir məqamı unudur: Lukaşenko Azərbaycanın ərazi bütövlüyü məsələsində daim birmənalı mövqe nümayiş etdirib. Hətta 2012-2016-cı illərdə Serj Sərkisyanla danışıqlarda açıq mətnlə Azərbaycanın haqlı olduğunu, Ermənistanın işğaldan imtina etməsi gərəkdiyini bildirdiyini əks etdirən görüntülər də ortaya çıxıb.