Belarus və Rusiya Prezidentləri Aleksandr Lukaşenko və Vladimir
Putin Moskvada keçirilən danışıqlarda Ukrayna böhranı, hərbi sənaye
kompleksinin inkişafı, əməkdaşlıq və Qərbin sanksiyalarına qarşı
fəaliyyət məsələlərini müzakirə ediblər.
AzerTimes-ın məlumatına görə, bunu “BelTA”ya Belarus Prezidentinin
mətbuat katibi Natalya Eysmont deyib.
“Prioritet məsələ kimi dövlət başçıları Ukraynaya diqqət
yetirməklə dünyada, regiondakı vəziyyəti ətraflı müzakirə ediblər.
Bu kontekstdə əsas mövzulardan biri Belarusda gedən danışıqların
gedişatı, Rusiya və Ukrayna tərəflərinin mövqeləri olub”, – deyə
N.Eysmon bildirib.
Onun sözlərinə görə, söhbət zamanı tərəflər hərbi-sənaye
kompleksinin inkişafına və İttifaq dövlətinin müdafiəsinə xüsusi
diqqət yetiriblər.
“Tərəflər, xüsusilə, yaxın gələcəkdə Rusiya tərəfindən Belarus
Respublikasına hərbi texnikanın ən müasir modellərinin çatdırılması
barədə razılığa gəliblər. Öz növbəsində Belarus müasir kənd
təsərrüfatı, sərnişin texnikası və digər maşınqayırma məhsullarının
tədarükünü artıracaq”, – deyə Belarus Prezidentinin mətbuat katibi
bildirib.
Qeyd edək ki, iki ölkə lideri arasında danışıqlar ötən gün
Moskvada baş tutub.