Xəbər - Samir Əli – Trend:
Erməni əsirliyində olarkən Lüdvik Mkrtçyan məni bir gün axşama qədər döydü, işgəncələr verdi.
AzerTimes– in məlumatına görə, bunu bu gün Yasamal rayon məhkəməsində azərbaycanlı əsirlərə işgəncələr verən Alyoşa Xosrovyan və Lüdvik Mkrtçyanın cinayət işi üzrə keçirilən məhkəmə prosesində ifadə verən zərərçəkmiş Qərib Vəliyev deyib.
O bildirib ki, Lüdvik Mkrtçyan ona qarşı amansız işgəncələr verib: “1999-cu ildə girov götürülmüşəm. Tapqaraqoyunlu kəndi istiqamətində heyvan otararkən erməni hərbçiləri tərəfindən girov götürüldüm. Məni Şuşa həbsxanasına apardılar. Orada ayrı-ayrı şəxslər mənə ağır işgəncələr verdilər. Lüdvik Mkrtçyanı Laçın rayonu ərazisində hərbi formada görmüşəm. O, Azərbaycan dilindən tərcüməçi kimi işləyirdi. Çatan kimi sinəmə təpiklə vurdu, işgəncələr verirdi. Kabinetində mənə 3 sillə vurdu, kabinetdən çıxıb kənarda oturdum. Yaxınıma gəlib məni dizi ilə vurub başıma torba keçirdi və başladı mənə amansız işgəncələr verməyə. Bir gün axşama qədər məni döydü. Bizdən yaxınlıqdakı hərbi hissənin yerini soruşurdu və tələb edirdi ki, mən kəşfiyyatçı olduğumu boynuma alım. Azərbaycan dilində təmiz danışa bilir, çünki o bizimlə Azərbaycan dilində danışırdı. 2 ay əsirlikdə qaldım. Beynəlxalq Qırmızı Xaç Komitəsi məni nəzarətə götürəndən sonra işgəncələr dayandı. Qayıdandan sonra 1 ay müddətinə müalicə olunmuşam”.
Prokurorun suallarını cavablandıran zərərçəkmiş bildirib ki, ibtidai istintaqda Lüdvik Mkrtçyan onu tanıyıb: “Birinci dəfə üzləşmədə salam verdim, o məni tanıdı. Amma ikinci üzləşmə zamanı məni tanıdığını inkar etdi. Mən isə onu görünüşündən və səsindən tanıdım”.