“Ltv 7” kanalının direktoru və bir neçə əməkdaşı barəsində cinayət işi başlanılıb

“Ltv 7” xəbər kanalının bölgə müxbiri Fazil Quliyev və bloger Vüsal Zeynalovun hədə-qorxu ilə pul tələb etmələri barədə daxil olmuş müraciət üzrə Baş Prokurorluğun İstintaq idarəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanıb.

Baş Prokurorluğun Mətbuat xidmətindən AzerTimes-a verilən məlumata görə, Fazil Quliyev və Vüsal Zeynalov özlərini jurnalist kimi təqdim edib 13.02.2021-ci il tarixdə Dövlət Sərhəd Xidmətinin N saylı hərbi hissəsinin ərazisinə qanunsuz daxil olaraq mobil telefonları ilə hərbi hissənin təsərrüfat fəaliyyətinə dair videoçəkilişlər aparmaqla qeyd olunan çəkilişi sosial şəbəkələrdə yayacaqları hədəsi ilə hərbi hissənin rəhbərliyindən 500 manat məbləğində pul tələb ediblər.

Eyni zamanda, “Ltv 7” internet kanalının direktoru Ceyhun Şəmilovun kanalın direktor müavini Gülmirə Rəcəbova, müxbirləri Sevil Mərəndski, Gülnarə Məmmədova və şəxsiyyətləri istintaqla araşdırılan qeyriləri ilə birlikdə ayrı-ayrı şəxslər barədə əvvəlcə ölkə ərazisində pandemiya ilə bağlı karantin qaydalarının pozulmasına yol verilməsi barədə məlumat toplayıb, ictimaiyətə çatdırmaqla həmin şəxsləri rüsvay edəcəkləri barədə hədə-qorxu gəlməklə pul tələb edib almaları müəyyən edilib.

Qeyd edilən əməllərə görə Fazil Quliyev, Vüsal Zeynalov, Ceyhun Şəmilov, Gülmirə Rəcəbova, Sevil Mərəndski və Gülnarə Məmmədova Cinayət Məcəlləsinin 182.2.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən hədə-qorxu ilə tələb etmə) və digər maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunaraq barələrində müvafiq olaraq həbs və polisin nəzarəti altına vermə qətimkan tədbirləri seçilmişdir.

“Ltv 7” internet kanalının əməkdaşlarının cinayət əməllərindən zərər çəkən vətəndaşlardan Baş Prokurorluğun “961” qaynar xəttinə və İstintaq İdarəsinə müraciət etmələri xahiş olunur. (ünvan: 21-ci Dağlıq küçəsi, 3105-ci məhəllə, əlaqə nömrələri: (+994 12) 361-16-14; (+994 12) 361-16-13)

Teqlər: