Los Ancelesdə Azərbaycan-İsrail diplomatik münasibətlərinin 30 illiyi qeyd olunub

Azərbaycan ilə İsrail arasında diplomatik münasibətlərin
qurulmasının 30 illiyi martın 6-da Los Ancelesdə geniş tədbirlə
qeyd olunub.

Azərbaycanın Los Ancelesdəki Baş konsulluğundan AzerTimes-a verilən məlumata görə, qeyd edək
ki, 600 minədək yəhudinin yaşadığı Los Anceles şəhəri ABŞ-da
yəhudilərin ən çox məskunlaşdığı ikinci şəhərdir.

ABŞ yəhudilərinin ən nüfuzlu dini mərkəzlərindən olan, Los
Ancelesdə fəaliyyət göstərən Valley Outreach Sinaqoqunda
keçirilmiş tədbirə Azərbaycanın və İsrailin Los Ancelesdəki baş
konsulları Nəsimi Ağayev və Hillel Nyuman əsas qonaq qismində dəvət
olunublar. 300-dən çox qonağın iştirak etdiyi tədbirə xarici
ölkələrin Los Ancelesdə akkreditə olunmuş baş konsulları, yerli
yəhudi icmasının rəhbərləri, din xadimləri, müxtəlif seçkili
orqanların üzvləri, eləcə də bir çox icmaların nümayəndələri,
ictimai-siyasi xadimlər və jurnalistlər qatılıblar.

Tədbirin açılışında Azərbaycan, İsrail və ABŞ-ın dövlət himnləri
səsləndirilib. Sonra çıxış edən sinaqoqun rəhbəri Ravvin Ron Li-Paz
belə bir əlamətdar günə ev sahibliyi etməkdən məmnunluğunu ifadə
edib. Azərbaycana səfərlərini qeyd edən Li-Paz, Azərbaycandakı
dinlərarası tolerantlığın ona daim yüksək təsir bağışladığını
vurğulayıb. O, Azərbaycan və İsrail arasında mövcud olan sıx
əməkdaşlıq münasibətlərinin böyük gərginliklərin mövcud olduğu
hazırkı dünyada əvəzsiz model olduğunu bildirib.

Los Ancelesdə fəaliyyət göstərən, ABŞ-ın və dünyanın ən nüfuzlu
yəhudi təşkilatlarından olan, 400 min üzvə malik Simon Vizental
Mərkəzinin həmtəsisçisi və sədr müavini Ravvin Abraham Kuper çıxış
edərək, ilk dəfə Azərbaycanda 1972-ci ildə olduğunu, hələ o zaman
SSRİ-nin bir çox yerlərindən fərqli olaraq Azərbaycanda yəhudilərin
hər hansı ayrıseçkiliyə məruz qalmadan yaşadıqlarını, ölkəmizin
tolerantlıq və multikulturalizm modelinin müstəqilliyin bərpasından
sonra daha da gücləndiyini, bu sahədə Ümummilli Lider Heydər
Əliyevin və Prezident İlham Əliyevin misilsiz xidmətlərinin və
liderliyinin böyük rol oynadığını diqqətə çatdırıb.

Sonra Azərbaycanın və İsrailin Los Ancelesdəki baş konsulları
Nəsimi Ağayev və Hillel Nyuman Ravvin Li-Pazın aparıcılığı ilə
keçirilən müzakirədə çıxış ediblər.

Baş konsul N.Ağayev ölkəmizdə mövcud olan zəngin tolerantlıq
irsindən bəhs edərək, qədim dövrlərdən bəri Azərbaycanda bütün
xalqlar və dinlər arasında, o cümlədən yəhudi icması ilə mehriban
qardaşlıq əlaqələrinin hökm sürdüyünü vurğulayıb. Diplomat, bu
ənənənin müasir dövrdə Azərbaycan-İsrail münasibətlərinin
qurulmasında və inkişafında vacib rol oynadığını bildirib.
Azərbaycan-İsrail münasibətlərinin son 30 ildə sürətlə inkişaf
edərək yüksək səviyyə çatdığını qeyd edən N.Ağayev, bu əməkdaşlığın
daha da genişləndirilməsi üçün böyük potensialın olduğunu
vurğulayıb.

Öz növbəsində, İsrailin baş konsulu H.Nyuman Azərbaycan-İsrail
tərəfdaşlığının regional və qlobal münasibətlərə gözəl bir nümunə
olduğunu bildirib. O qeyd edib ki, bu sıx tərəfdaşlıq bu günkü
münaqişələrin dinlər və ya etnik qruplar arasında deyil, mötədillər
və radikallar arasında olduğunu göstərir və Azərbaycan və İsrail
ortaq dəyərləri bölüşən mötədil ölkələrdir.

Çıxışlardan sonra sual-cavab sessiyası olub. Baş konsullar
qonaqların çoxsaylı suallarını cavablandırıblar.

Daha sonra tədbir bədii hissə ilə davam edib. Azərbaycanlı
musiqiçilər Emil Əfrasiyab və Leyla Babayeva-Əfrasiyabın İsrailli
musiqiçi Liran Shalom Kohnun başçılıq etdiyin yəhudi ansamblı ilə
birgə hər iki xalqa məxsus sevilən mahnılardan nümunələr
səsləndirməsi gurultulu alqışlarla qarşılanıb.

Tədbirdən qısa video-fraqmentlərə burada baxmaq olar:
https://youtu.be/A22NfA6Y-U8

Teqlər: