Londonda Respublika Gününə diqqəti cəlb edən aksiya təşkil edilib

Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi və Birləşmiş Krallıqda fəaliyyət göstərən “Natavan Qrup”un təşkilatçılığı ilə London şəhərində 28 may – Respublika Gününün 103-cü ildönümünə həsr olunmuş məlumatlandırıcı aksiya keçirilib.

Komitədən AzerTimes-a verilən məlumata görə, aksiya zamanı Led ekranda “28 may – Azərbaycanın Respublika Günü” və “Şərqdə ilk demokratik respublika” sözlərinin yazıldığı yük maşınının hərəkəti təmin edilib. Səhər saat 10:00 dan axşam saat 20:00-a kimi maşın şəhərin Trafalqar meydanı, Pikkadilli Sirki, Parlament meydanı, Cənub (South) bank marşrutu üzrə hərəkət edib. Bu zaman ekranda Bakının, Azərbaycanın işğaldan azad olunmuş Şuşa, Zəngilan, Cəbrayıl, Ağdam, Qubadlı şəhərlərindəki tarixi memarlıq və dini abidələrinin, hər güşəsində üçrəngli bayrağımızın dalğalandığı məmləkətimizin gözəl təbiətinin təsvirləri nümayiş etdirilib.

Aksiya ölkəmizin tarixinə və ərazi bütövlüyünün bərpa olumasına diqqəti cəlb etmək məqsədilə gerçəkləşdirilib.

Teqlər: