London Varşavaya “Narew” HHM sistemini hazırlamağa kömək edəcək

Böyük Britaniya və Polşa britaniyalı istehsalçıların Varşavaya “Narew” hava hücumundan müdafiə sistemini hazırlamağa kömək etməsi barədə razılaşma imzalayıblar.

AzerTimes-ın məlumatına görə, bu barədə Birləşmiş Krallığın Müdafiə Nazirliyinin açıqlamasında deyilir.

Məlumata əsasən, müvafiq razılaşma Böyük Britaniyanın müdafiə naziri Ben Uollesin Polşaya səfəri zamanı əldə edilib:


“Bu razılaşma Böyük Britaniya və Polşa arasında müdafiə sahəsində əməkdaşlığın keyfiyyətcə dəyişikliyini göstərir və bizim daha da sıx işləməyimizə yol açır. Polşanın milli müdafiə naziri Mariuş Blaşçak və mən yerüstü hava hücumundan müdafiə sisteminin hazırlanmasını səbirsizliklə gözləyirik. Böyük Britaniya və Polşa tarixən bir çox təhlükələr qarşısında çiyin-çiyinə dayanıblar, biz tərəfdaşlığımızı dərinləşdirməyə davam edəcəyik”.

Qeyd edilir ki, idarəolunan modul hava hücumundan müdafiə sisteminin raketinin hazırlanması üzərində beynəlxalq MBDA konsorsiumunun Britaniya bölməsi məşğul olacaq. Sistemin özünün hazırlanmasında MBDA Polşanın hərbi-sənaye qrupu ilə əməkdaşlıq edəcək.