Litva Respublikasının Birinci xanımı Diana Nauseda Azərbaycan
Dövlət İqtisad Universitetində (UNEC) olub.
Litvanın Birinci xanımı və onun rəhbərlik etdiyi nümayəndə
heyətini UNEC-də mədəniyyət naziri Anar Kərimov və universitetin
rektoru professor Ədalət Muradov qarşılayıb.
Səfər çərçivəsində Birinci xanım Diana Nauseda UNEC şəhidlərinin
Memorial Kompleksini ziyarət edib, Ekstern Mərkəzi və Bloomberg
laboratoriyası ilə tanış olub. Birinci xanıma Ekstern mərkəzi və
laboratoriyanın fəaliyyəti, eləcə də UNEC-in təhsil imkanları,
beynəlxalq əlaqələri, Litva ali təhsil müəssisələri ilə ikili
diplom və mübadilə proqramları barədə ətraflı məlumat verilib.
Sonra 1909-1920-ci illərdə ölkəmizdə ilk konsul olmuş litvalı
yazıçı Vintsas Krevenin adına UNEC-də yaradılan auditoriyanın və
barelyefin açılışı olub.
Açılış mərasimində çıxış edən rektor Ədalət Muradov Litvanın
Birinci xanımı Diana Nausedanın UNEC-də olmasından qürur duyduğunu
ifadə edərək, Vintsas Krevenin Azərbaycandakı diplomatik, eləcə də
müəllimlik fəaliyyətindən danışıb, həmin dövrdə litvalı yazıçının
UNEC-in yerləşdiyi binada dərs dediyini diqqətə çatdırıb. Rektor
Litvanın tanınmış yazıçısı və diplomatının adına UNEC-də
auditoriyanın yaradılmasının hər iki ölkə arasında mədəniyyət, elm,
təhsil və digər sahələrdə dostluq və əməkdaşlıq münasibətlərinə
töhfə verəcəyindən əminliyini bildirib.
Litvanın Birinci xanımı Diana Nauseda Litvanın ədəbi tarixində
önəmli yer alan Vintsas Krevenin adına auditoriyanın açılışında
iştirak etməkdən məmnunluğunu bildirib. O, Krevenin adına
auditoriyanın yaradılmasını hər iki ölkənin tarixi və
mədəniyyətinin daha yaxından tanınması, eləcə də ölkələr arasında
əlaqələrin daha da inkişaf etdirilməsi baxımından yüksək
qiymətləndirib. O, 2014-cü ildə Litva Təhsil Universitetində
(indiki Vitautas Maqnus Universiteti) məşhur Azərbaycan şairi
Nizami Gəncəvinin adına auditoriyanın yaradıldığını, 2018-ci ildən
isə Vilnüs Universitetində Azərbaycan dili adına auditoriyanın
fəaliyyət göstərdiyini diqqətə çatdırıb. Xanım Diana Nauseda
V.Krevenin ictimai fəaliyyəti və ədəbi yaradıcılığının həm
litvalılar, həm də azərbaycanlılar üçün böyük dəyər qazandırdığını
vurğulayaraq, onun adını daşıyan auditoriyanın həm müəllim, həm də
tələbələr üçün böyük ilham mənbəyi olacağından əminliyini ifadə
edib. Birinci xanım layihəni həyata keçirən UNEC-ə, Litvanın
Azərbaycandakı səfirliyinə və xatirə lövhəsinin müəllifi olan
Antanas Zukauskasa təşəkkürlərini bildirib.
Açılış mərasimində çıxış edən Mədəniyyət naziri Anar Kərimov
Azərbaycan və Litva arasındakı mədəni əlaqələrdən söz açıb. Litva
ilə hərtərəfli əlaqələrin inkişaf etdirilməsinin hər iki ölkə üçün
önəmini vurğulayıb.
Sonra barelyefin önündəki lent kəsilib və açılış olub. Litvanın
Birinci xanımı Diana Nauseda və nümayəndə heyəti auditoriya ilə
tanış olublar. Rektor Ədalət Muradov UNEC-də tədrisin
rəqəmsallaşdırıldığını, bütün auditoriyaların elektron tribunalarla
təmin olunduğunu, universitetdə tədrisin elektron, ənənəvi, eləcə
də hibrid formada aparılması üçün bütün imkanların yaradıldığını
deyib.
Xanım Diana Nauseda UNEC-dəki tədris imkanlarını yüksək
qiymətləndirərək, UNEC ilə Litva universitetləri arasındakı
əlaqələrin daha da genişləndirilməsinin əhəmiyyətini
vurğulayıb.
Səfər çərçivəsində xanım Diana Nauseda tələbələrlə də
görüşüb.