Litva prezidenti Gitanas Nauseda gözləyir ki, Azərbaycan qazı
bir gün onun ölkəsinə də daxil olacaq.
Bu barədə Trend-ə Litva prezidentinin ofisindən onun Bakıya
səfəri ərəfəsində bildiriblər.
“Ukraynadakı müharibə enerji təchizatının şaxələndirilməsi
baxımından Avropa üçün təcili çağırış oldu. Avropa İttifaqı (Aİ)
Rusiyanın qazıntı yanacağından asılılığına son qoymağa çalışdığı
üçün Aİ ölkələri enerji daşıyıcılarının alternativ tədarükçüləri
ilə enerji əməkdaşlığının gücləndirilməsində və enerji mənbələrinin
şaxələndirilməsində, o cümlədən, Azərbaycandan böyük həcmdə təbii
qaz əldə etməkdə son dərəcə maraqlıdır. Biz Azərbaycanı Aİ-nin
enerji sektorunda etibarlı tərəfdaşı kimi qiymətləndiririk.
Prezident gözləyir ki, bir gün Azərbaycan qazı Litvaya da daxil
olacaq. Dövlət başçısı hesab edir ki, bu, Litvanı və Baltikyanı
ölkələri Avropa Qaz Şəbəkəsi (GIPL) ilə birləşdirən yeni qaz
kəməri, Litvanın mayeləşdirilmiş təbii qaz terminalının gücü,
Azərbaycanı Aİ ilə birləşdirən qaz kəmərləri və əməkdaşlığın
dərinləşdirilməsi üzrə hədəflərimiz sayəsində mümkün olacaq”, –
dövlət başçısının ofisindən bildiriblər.
Qeyd olunub ki, Azərbaycanın dünya ticarətindəki rolu nəzərə
alınarsa, logistika sahəsində daha geniş investisiya imkanları
ortaya çıxır.
“Litvada bərpa olunan enerji sektoru yaxşı inkişaf edib. Eyni
zamanda, Azərbaycanın Aİ-yə, o cümlədən, Litvaya enerji tədarükünü
artırmaq potensialı var. Biz bilirik ki, Azərbaycan ümumi elektrik
enerjisi istehsalında bərpa olunan enerjinin payını artırmağa
çalışır. Litva bərpa olunan enerji, xüsusilə, günəş enerjisi
sektorunun inkişafında güclü mövqeyə malikdir. Litva şirkətləri
yüksək səmərəliliyə və uzunömürlülüyə əsaslanan yüksək keyfiyyətli
günəş modulları təklif edə bilər. Bundan əlavə, “yaşıl” inkişaf
“ağıllı” həllərlə birgə addımlayır. Litvanın “ağıllı” həllərdəki
potensialı əməkdaşlıq imkanlarını genişləndirir”, – Litva
prezidentinin ofisindən deyiblər.
Qurumdan vurğulayıblar ki, Azərbaycan Qafqaz regionunda Litvanın
çox mühüm tərəfdaşıdır.
“Biz əvvəlki kimi ikitərəfli münasibətlərin 13 sentyabr 2007-ci
il tarixli Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannaməyə uyğun
olaraq daha da inkişaf etdirilməsində maraqlıyıq. Litva Aİ və
NATO-nun üzvü olaraq bir çox sahələrdə, iqtisadiyyat, mədəniyyəti
və təhsil sahələrində ikitərəfli əməkdaşlığın fəallaşmasına ümid
edir. Litva prezidentini Azərbaycanda geniş biznes nümayəndə heyəti
müşayiət edəcək. Litva biznesi Azərbaycanla ikitərəfli ticarətin,
xüsusilə, İKT, innovasiyalar, nəqliyyat və logistika, enerji
sahələrində inkişafına böyük maraq göstərir. Litvanı təhsil
sektorunun nümayəndələri də müşayiət edəcək. Litva
universitetlərinin rektorları ali təhsil sahəsində əməkdaşlığı
inkişaf etdirmək niyyətindədir. Azərbaycan bütün Aİ üçün mühüm
tərəfdaşdır. Biz yeni Aİ-Azərbaycan sazişi üzrə danışıqlarda
irəliləyişi səbirsizliklə gözləyirik. Bu, Azərbaycanla Aİ ölkələri
arasında bir çox sahələrdə iqtisadi əməkdaşlığı fəallaşdırmağa
imkan verəcək. İkitərəfli əməkdaşlığın prioritet sahələri
iqtisadiyyat, ticarət, enerji, nəqliyyat və təhsildir. Litva enerji
ehtiyatları idxalının şaxələndirilməsində maraqlı olduğu halda,
Azərbaycanın marağı ərzaq idxalındadır və burada bizim biznes çox
şey təklif edə bilər. Litva, həmçinin innovasiya və yüksək
texnologiyalar, informasiya texnologiyaları və bərpa olunan enerji
mənbələrinin inkişafı sahəsində də təklif edə biləcəyi çox şey
var”, – G.Nausedanın ofisindən bildiriblər.
Prezident ofisindən qeyd ediblər ki, möhkəm tərəfdaşlıq və
keçmişdəki uğurlu layihələr sayəsində Litva Azərbaycanı ali təhsil
sahəsində güclü tərəfdaş qismində nəzərdən keçirməyə hazırdır.
“Biz Azərbaycan universitetləri ilə ikili/birgə diplomlar üzrə
tədris proqramları hazırlamaq və mütəxəssislərin hazırlanması,
təkrar hazırlanması sahəsində dövlət səviyyəsində tərəfdaşlıq
əlaqələri qurmaq imkanları axtarırıq.
Litva təbii qaz idxalını şaxələndirməyə və əməkdaşlıq etməyə
çalışır və Azərbaycanla bu sahədə əməkdaşlıq daha intensiv ola
bilər. Ona görə də ölkələrimizin enerji sahəsində perspektivlərini
və imkanlarını öyrənmək lazımdır. İndiyədək Litva-Azərbaycan
iqtisadi əlaqələri çox intensiv olmayıb. İkitərəfli ticarət 50
milyon avrodan bir qədər çoxdur. Litvanın Azərbaycana qoyduğu
investisiyaları mülayim adlandırmaq olar. Ölkələrimiz arasında
nəqliyyat və logistika sahəsində əməkdaşlığın böyük potensialı var.
Litva yaxşı inkişaf etmiş avtomobil, dəmir yolu, intermodal və
dəniz liman infrastrukturu xidmətlərinə malik Aİ ölkəsi olaraq
logistika baxımdan Aİ bazarlarına çıxış üçün böyük imkanlar təklif
edir. Litva Asiyadan Avropaya mövcud marşrutlara sərfəli alternativ
kimi unikal imkan təqdim edən Transxəzər dəmiryol dəhlizinin
inkişafı üçün TRASECA (Avropa-Qafqaz-Asiya) nəqliyyat dəhlizinin
potensialının öyerənilməsində maraqlıdır”, – Litva prezidentinin
ofisindən bildiriblər.
(Tərcümə: Orxan Nəbiyev)