Lirənin ucuzlaşması Azərbaycan iqtisadiyyatına necə təsir edəcək?

Xəbər - Fərid Zöhrabov – Trend:

Azərbaycan Türkiyənin əsas xarici ticarət tərəfdaşlarından biridir. Türk lirəsinin ucuzlaşması Azərbaycan bazarı üçün yeni şərait formalaşdırır.

Bunu Trend-ə açıqlamasında iqtisadçı-ekspert Rəşad Həsənov deyib.

Ekspertin sözlərinə görə, lirənin ucuzlaşması Türkiyədən Azərbaycana idxalı artıracaq:

“Lirənin ucuzlaşmasına fərdi istehlakçılarımız və idxalçılarımızın aspektindən baxsaq, Türkiyədən Azərbaycana idxal indiki halda cəlbedicidir. Hazırkı vəziyyətdə Türkiyədən aldığımız mallar daha ucuz başa gəlir. Bu səbəbdən də Türkiyədən Azərbaycana idxal artacaq”, – R.Həsənov deyib.


R.Həsənovun fikrincə, lirənin ucuzlaşması fonunda Azərbaycandan ixrac azala bilər:

“Azərbaycan məhsullarının Türkiyə bazarında rəqabətliliyi isə aşağı düşəcək. Bizim məhsullar sabit məzənnə mühitində maya dəyəri formalaşmış məhsullardır. Yəni məhsul bazarlarda türk lirəsinin bugünki məzənnəsi ilə daha baha qiymətə təklif olunacaq. Bu da bəzi yerli istehsalçılarla müqayisədə rəqabət imkanını məhdudlaşdırır. Nəzərə alsaq ki, Azərbaycandan fərqli olaraq Türkiyənin digər xarici ticarət tərəfdaşlarının çoxu üzən məzənnə rejimi tətbiq etdiyi üçün bu kimi məsələlərə daha tez uyğunlaşa bilirlər “, – ekspert əlavə edib.

Qeyd edək ki, türk lirəsi dollar qarşısında bir gün ərzində 20%-ə qədər dəyərdən düşüb və dollar/TL məzənnəsi 13 lirə səviyyəsini keçib.

Teqlər: