Lirəni ucuzlaşdıran Şimşəkdir: məqsədi nədir?

Lirəni ucuzlaşdıran Şimşəkdir: məqsədi nədir?

Türkiyədə prezident seçkilərinin ikinci turundan sonra lirənin dəyər itirməsi, o cümlədən 3 iyunda dünya üzrə tanınmış iqtisadçı Mehmet Şimşəyin xəzinə və maliyyə naziri təyin olunması ilə prosesin daha da sürətlənməsi müzakirələrə səbəb olub.

AzerTimes xəbər verir ki, hazırda dollar 23,5 lirəyə qalxıb, bu isə son bir həftədə dolların 4,5 lirəyə yaxın bahalaşması deməkdir.

Əslində isə müşahidəçilər Mehmet Şimşəyin xəzinə və maliyyə naziri təyin olunması ilə fərqli mənzərə təsəvvür edirdilər. Onda nə baş verir?

Bunun ilk səbəbi kimi Mehmet Şimşəyin “gözlədiyindən daha pis reallıqla” rastlaşması göstərilir. Belə ki, nazir vəzifəsini təhvil alandan sonra Şimşək iqtisadi sistemin təsəvvür etdiyi kimi olmadığını görüb.

Məlumata görə, lirənin ucuzlaşmasının sürətlənmə səbəbi elə Şimşəyin ilk taktiki siyasətidir. Mərkəzi Bankın rezervlərini qorumağı ilk hədəf olaraq seçən yeni nazir bankın bazarda dollar satmasını qadağan edib. Başqa sözlə Türkiyə tam şəkildə üzən məzənnə sisteminə qədəm qoyub.

İddiaya görə, əslində Türkiyədə həmişə üzən məzənnə sistemi olub, ancaq lirənin kəskin ucuzlaşmaması üçün Mərkəzi Bank özəl bankların vasitəsilə bazara vaxtaşırı dollar təqdim edib və bununla da sürətli ucuzlaşmanı ləngitməyə çalışıb. Bu isə MB-nin rezervlərinin tədricən əriməsinə səbəb olub. İndi MB-nin dollar satışına əhəmiyyətli dərəcədə azaltması isə lirənin ucuzlaşmasına təkan verib.

İqtisadçıların fikrincə, MB kəskin ucuzlaşmalar zamanı müdaxiləyə də hazırlaşır və bazarı nəzarətsiz qoymaq niyyətində deyil.

Üzən məzənnə tam oturuşandan – yəni lirə əslində olmalı olduğu səviyyəyə düşəndən sonra MB-nin rezervlərinin əriməsi dayanacaq və artım başlayacaq.

Şimşək niyə bu qərarı aldı?

Dövlət tərəfindən yönləndirilən valyuta bazarının artıq davametməz hala gəldiyi bildirilir. Bu, sərbəst bazar və beynəlxalq normalardan da uzaq sayılır. Proses şirkətlərin rəqabət imkanlarını əlindən alır. Buna görə də MB-nin rezervlərini qorumaq qərarı verilib.

Prosesin nə qədər davam edəcəyi, lirənin hansı səviyyəyə düşəcəyi haqda isə tam təsəvvür yoxdur. Ancaq bunun iqtisadiyyata ciddi təsirləri qaçılmazdır.

Ehtimallara görə, proses ilk vaxtlar inflyasiyanı daha yuxarı səviyyəyə qaldıra bilər. Ancaq prosesin sonunda iqtisadi sağlamlaşma gözlənilir.

Bazarın sərbəstləşməsi və siyasi sabitliyin başlaması ilə artıq həftənin əvvəlindən Türkiyədən “qaçan” valyuta geri qayıtmağa başlayıb. Əgər proses nəzərdə tutulduğu kimi gedərsə, lirənin sabitləşməsi, hətta güclənməsi də mümkündür.

Digər əsas məsələ isə Şimşəyə iş bazarının inamıdır: bunun sərmayələrin artımına səbəb olacağı bildirilir. Şimşəyin etibarlı, proqnozlaşdırıla bilən və şəffaf tətbiqləri və bazarı təsirləndirməyəcəyi də bu inamı artırır.

Bu gün məlum oldu ki, Mərkəzi Banka Qayə Ərkanın namizədliyi də təsdiqlənib. Bu fakt da bazarda təsirsiz ötüşməyəcək. Çünki Ərkanın Şimşəklə eyni dünyagörüşü və iqtisadi yanaşmaları bölüşdüyü bildirilir. Ehtimal edilir ki, Ərkanın təyinatı Şimşəyin təşəbbüsü ilə olub.

Müşahidəçilərin fikrincə, Şimşəyin gəlişi ilə lirənin ucuzlaşmasının sürətlənməsindən dolayı narahatlığa heç bir səbəb yoxdur: yeni nazirə qısa zaman tanımaq lazım gələcək…

Teqlər: